30 sentyabr 2025-ci il tarixdə İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarella Azərbaycan Respublikasına rəsmi səfər edib. Bu yüksək səviyyəli səfər Azərbaycan–İtaliya münasibətlərinin inkişaf etdirilməsi baxımından əlamətdar hadisə kimi tarixə düşüb. Görüşlər zamanı müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Səfər çərçivəsində İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının rəsmi açılışı keçirilib ki, bu təşəbbüs iki ölkə arasında strateji tərəfdaşlığın humanitar və elmi sahələrdə də yeni mərhələyə keçdiyini əyani nümayiş etdirib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan–İtaliya münasibətləri tarixi köklərə əsaslanır. Hələ Orta əsrlərdə İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycan ərazisində mövcud olan Səfəvilər və Ağqoyunlularla davamlı siyasi-iqtisadi əlaqələr saxlayıblar. XV əsrdə Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik münasibətlər qurulub, 1469–1478-ci illərdə Venesiyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərib. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında rəsmi danışıqlar aparıblar. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də İtaliya ilə diplomatik münasibətlər yaradılıb. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra isə əlaqələr yeni mərhələyə qədəm qoyub. 1997-ci ilin sentyabrında Ümummilli Lider Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında dönüş nöqtəsi olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu münasibətlər daha da dərinləşib və strateji səviyyəyə yüksəlib.
Son illərdə Azərbaycan–İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli əməkdaşlıq formatı daha da genişlənib. Əgər əvvəlki dövrlərdə əməkdaşlıq əsasən enerji sahəsini – xüsusilə də neft və qaz ixracını əhatə edirdisə, bu gün tərəflər arasında humanitar, mədəni və təhsil sahələrində də əlaqələr sürətlə inkişaf edir. İtaliya–Azərbaycan Universitetinin yaradılması bu əməkdaşlığın parlaq nümunəsidir. Sözügedən ali təhsil müəssisəsi yalnız ixtisaslı mütəxəssislərin hazırlanması deyil, həm də mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm rol oynayır.
Səfər çərçivəsində Prezident Sercio Mattarella və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında keçirilən görüşlərdə iqtisadiyyat, energetika, mədəniyyət, təhsil və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib. İki ölkə liderlərinin mətbuata verdiyi bəyanatlarda İtaliya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyi və iki ölkənin əsl strateji tərəfdaşlar olduğu xüsusi vurğulanıb. Dövlətimizin başçısı, həmçinin, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu qeyd edib. Bildirilib ki, TAP layihəsinin reallaşdırılması zamanı Prezident Mattarellanın birbaşa müdaxiləsi problemlərin operativ həllinə imkan yaradıb. Qeyd edək ki, hazırda “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan təbii qazını 14 ölkəyə ixrac edir. Azərbaycan nefti İtaliyanın neft idxalında birinci, Azərbaycan qazı isə ikinci yerdə qərarlaşıb. Bütün bu faktlar Azərbaycan–İtaliya əlaqələrinin strateji xarakter daşıdığını və çoxşaxəli əməkdaşlığın uğurla inkişaf etdiyini təsdiqləyir.
Hazırkı mərhələdə hər iki dövlət qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Bu səfər, eyni zamanda, gələcəkdə ortaq layihələrin və təşəbbüslərin həyata keçirilməsinə möhkəm zəmin yaradır. Azərbaycan və İtaliya arasında formalaşmış etimad və tərəfdaşlıq münasibətləri Avropa ilə Cənubi Qafqaz arasında körpü rolunu oynayır. Bütün bunlar iki ölkə arasında dostluq və strateji əməkdaşlığın uzunmüddətli və davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.
Səadət İsmayılova
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
👁 baxış
