Azərbaycanın ərazi bütövlüyünün bərpasında və tarixi ədalətin təmin olunmasında cənab Prezident İlham Əliyevin rolu danılmaz və həlledicidir. Onun uzaqgörən siyasəti, prinsipial mövqeyi və sarsılmaz iradəsi sayəsində illərlə dondurulmuş vəziyyətdə qalan Qarabağ münaqişəsi siyasi və hərbi yollarla Azərbaycanın milli maraqları çərçivəsində həll olundu. Xüsusilə 2020-ci ildən sonra yaranmış yeni reallıqlar fonunda dövlət başçısı bölgədə hərbi-siyasi balansı tam dəyişərək suverenliyin bərpasına nail oldu. Cənab Prezident İlham Əliyev illərlə apardığı ardıcıl diplomatik fəaliyyətlə beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərini çatdırdı, eyni zamanda daxildə güclü ordu quruculuğu siyasəti ilə ölkənin təhlükəsizlik sistemini möhkəmləndirdi. Bu illər ərzində onun rəhbərliyi ilə həm döyüş qabiliyyətli ordu formalaşdı, həm də xalqla dövlət arasında dərin bir etimad və həmrəylik yarandı. Nəticədə 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri qısa zaman ərzində və minimum itkilərlə başa çatdı, ölkə qanunsuz silahlı birləşmələrdən tam təmizləndi. Bu proseslərin idarə olunmasında cənab Prezidentin özünün birbaşa nəzarəti, hadisələrin hər anını dəqiqliklə izləməsi və doğru qərarlar verməsi xüsusi önəm daşıyır. O, müharibədən sonrakı mərhələdə də siyasi təmkin və strateji baxış nümayiş etdirərək bölgədə sabitliyi qorumağa, bərpa və quruculuq işlərini sürətləndirməyə nail oldu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad olunması sadəcə hərbi əməliyyatın nəticəsi deyildi – bu, illərlə düşünülmüş və dövlətçilik təməli üzərində qurulmuş siyasətin zirvə nöqtəsi idi.
Azərbaycan xalqı uzun illər işğal altında qalmış torpaqlarının həsrətini yaşadı, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi şəhərlərin azad ediləcəyi günü böyük ümidlə gözlədi. 2023-cü ilin 20 sentyabrı isə bu ümidlərin gerçəyə çevrildiyi tarix oldu. Həmin gün Azərbaycan dövləti Qarabağda suverenliyini tam bərpa edərək öz ərazisində nəzarəti tam şəkildə təmin etdi. Bu, təkcə bir hərbi əməliyyatın uğurla başa çatması deyildi, bu, eyni zamanda bir millətin tarixi haqqının və hüququnun bərpa olunması, uzun illər davam edən ədalətsizliyə son qoyulması demək idi. Bu səbəbdən 20 sentyabrın rəsmi olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməsi dərin rəmzi və mənəvi əhəmiyyət daşıyır. Bu gün, həm də Azərbaycanın qətiyyətinin, gücünün və milli iradəsinin nümayişidir. Hər bir azərbaycanlının qəlbində bu şəhərlərin öz yeri var – bu yerlər təkcə coğrafi məkanlar deyil, eyni zamanda tariximizin, ağrılarımızın, mübarizəmizin və qürurumuzun daşıyıcılarıdır. Onların azadlığı yalnız dövlətin deyil, bütün xalqın qələbəsidir.
Bu günün qeyd olunması gələcək nəsillərə ötürüləcək bir mesajdır – bu mesaj onlara göstərir ki, torpaq uğrunda verilən mübarizə heç vaxt unudulmur, haqq uğrunda aparılan savaş gec də olsa qalibiyyətlə nəticələnir. Artıq həmin torpaqlarda həyat yenidən canlanır, dağıdılmış şəhərlər dirçəlir, insanlar öz dədə-baba yurdlarına qayıdırlar. 20 sentyabr sadəcə bir hadisə deyil, bir dönəmin sonu və yeni bir mərhələnin – sülh, quruculuq və sabitlik dövrünün başlanğıcıdır. Azərbaycan tarixində əlamətdar günlər çoxdur, lakin 20 sentyabrın öz yeri var. Bu tarix xalqımızın milli həmrəyliyini, vətənə sədaqətini və ərazi bütövlüyünə sarsılmaz bağlılığını ifadə edən simvolik gündür. Bu gün həm şəhidlərimizin ruhuna ehtiram, həm də torpaqlarımızın gələcəyinə olan inamla xatırlanacaq və hər il qürurla qeyd ediləcək.
Şəbnəm Eldarova,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
