Regional sülh və əməkdaşlıq mesajları

26 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalına müsahibə vermişdir. Müsahibə zamanı müxtəlif aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlər, Vaşinqtonda imzalanmış Birgə Bəyanat və paraflanmış sülh sazişi, bu kontekstdə Ermənistanın öhdəlikləri, Zəngəzur dəhlizinin açılması məsələsi, eləcə də Azərbaycan Respublikasının İran İslam Respublikası və Rusiya Federasiyası ilə mövcud münasibətləri barədə ətraflı məlumat vermişdir. Bununla yanaşı, ölkəmizin İsrail-Suriya və İsrail-Türkiyə münasibətlərinin tənzimlənməsində oynadığı rol da diqqətə çatdırılmışdır.
Müsahibənin hər bir sualı ayrı bir başlıq altında cavablandırılmış, Prezident İlham Əliyev verilən suallara dolğun və əhatəli şəkildə münasibət bildirmişdir. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən fikirlər maraq doğurmuşdur. Vurğulanmışdır ki, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Həmçinin, dövlətimizin başçısı xatırlatmışdır ki, İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Bəli, əgər həmin günlərdə belə bir tapşırıq olsaydı şanlı Azərbaycan Ordusu bir göz qırpımında tarixi torpaqlarımızı ələ keçirə bilərdi. Ancaq Azərbaycanın niyyəti heç vaxt işğalçılıq olmayıb. Həmin günlərdə bütün şərtlər bizim xeyrimizə olsa da biz yalnız ərazi bütövlüyümüzü bərpa edərək öz missiyamızı bitmiş hesab etdik.
Tarixi 10 noyabr Bəyanatında Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarının qurulması məsələsi öz əksini tapmışdır. Lakin Ermənistan ötən beş illik zaman müddətində öhdəliyinə sadiq qalmamış və bu prosesi süni şəkildə ləngitmişdir. Vaşinqtonda imzalanan Birgə Bəayanatdan və paraflanan sülh sazişindən sonra isə layihənin həyata keçirilməsinin çox yaxın olduğunu düşünmək olar. İndi iş Ermənistanın üzərinə düşür. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, Ermənistan və bütün bölgə üçün əhəmiyyətli bir beynəlxalq layihədir və bu layihənin reallaşması Ermənistanın tranzit ölkəyə çevrilməsi, eləcə də iqtisadi inkişafı baxımından mühüm imkanlar yarada bilər.
Prezident İlham Əliyev, həmçinin, Azərbaycan ilə İran İslam Respublikası arasındakı münasibətlərə toxunaraq bildirmişdir ki, iki ölkənin dövlət başçıları və administrasiyaları arasında münasibətlər konstruktiv və mehribandır. İranın Zəngəzur dəhlizi ilə bağlı rəsmi mövqeyi məntiqlidir və bu mövqe, Zəngəzur dəhlizinin heç bir halda İran üçün təhlükə yaratmamasına əsaslanır. Dövlət başçısı, həmçinin Azərbaycanın regional siyasəti ilə bağlı İranın bəzi media orqanlarında və internet resurslarında yayılmış əsassız iddialara münasibət bildirərək Azərbaycanın guya Zəngəzuru işğal etmək və İran-Ermənistan sərhədini kəsmək niyyəti barədə yayılan məlumatları qəti şəkildə təkzib etmişdir. O, qeyd etmişdir ki, bu iddialar tamamilə əsassız və yalandır. 2020-ci ilin noyabr ayında belə bir addım atmaq hərbi baxımdan asan olardı. Hətta son beş il ərzində də bu mümkün idi. Lakin Azərbaycan heç vaxt təcavüzkar siyasət yürütməyib və bu səbəbdən bu addımı atmayıb. Bildirilmişdir ki, Azərbaycan işğal edən deyil, əksinə, ərazilərini azad edən ölkədir.
Bu fikirlər Azərbaycanın regional siyasətinin güc tətbiqinə deyil, hüquqi əsaslara, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə söykəndiyini bir daha nümayiş etdirmişdir. Azərbaycan bütün beynəlxalq münasibətlərdə sülhün, sabitliyin və qonşu dövlətlərin suverenliyinə hörmət prinsipinin qorunmasına sadiqdir.
Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulamışdır. Bu yanaşma, Azərbaycanın beynəlxalq aləmdə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirən əsas prinsiplərdən biridir.

Təranə İskəndərova
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri

👁 baxış