Qardaşlıqdan stratejik tərəfdaşlığa doğru

Azərbaycan və Türkmənistan həm coğrafi, həm tarixi, həm də mədəni baxımdan bir-birinə yaxın olan iki türkdilli dövlətdir. Hər iki ölkə Xəzər dənizinin sahilində yerləşir və ortaq köklərə, dilə, dinə, eləcə də zəngin milli ənənələrə malikdir. Məhz bu ümumi dəyərlər və tarixi bağlılıq Azərbaycan–Türkmənistan münasibətlərinin qarşılıqlı hörmət və dostluq əsasında inkişafına münbit zəmin yaratmışdır. Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə edən hər iki ölkə, qısa müddətdə diplomatik münasibətlər qurmuş və bir sıra sahələrdə – enerji, nəqliyyat, iqtisadiyyat, humanitar və mədəniyyət sahələrində – əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirmişdir.

Azərbaycan–Türkmənistan münasibətlərinin yüksələn xətt üzrə inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin prioritet istiqamətlərindən biri məhz türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsi, Türk dünyasında birliyin gücləndirilməsi olmuşdur. Bu çərçivədə Türkmənistanla münasibətlər sadəcə qardaşlıq emosiyaları ilə deyil, konkret siyasi, iqtisadi və strateji maraqlarla da zənginləşdirilmişdir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Türkmənistana etdiyi rəsmi səfərlər, beynəlxalq platformalarda baş tutan ikitərəfli görüşlər, eləcə də imzalanmış çoxsaylı sənədlər bu əlaqələrin praktik təməlini təşkil edir. Son illərdə iki ölkə liderləri arasında artan qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar münasibətlərin daha yüksək strateji səviyyəyə çatdığını nümayiş etdirir. Hər iki ölkə regional sabitlik, təhlükəsizlik və iqtisadi inteqrasiya məsələlərində ortaq mövqelər sərgiləyir. Bu kontekstdə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2025-ci il 22 avqust tarixində Türkmənistana etdiyi səfər xüsusi əhəmiyyət daşıyır. Türkmənbaşı şəhərində baş tutan bu səfər çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri arasında keçirilmiş üçtərəfli görüş, təkcə regional əməkdaşlıq baxımından deyil, həm də türk dünyası daxilində inteqrasiyanın dərinləşməsi istiqamətində mühüm addım kimi tarixə düşmüşdür.

Səmimi şəraitdə keçən görüşlərdə dövlət başçıları xalqlar arasında ortaq keçmiş, möhkəm dostluq və birgə gələcək arzularını vurğulamışlar. Görüşlərdən yayılan isti və qardaşlıq dolu mühit, rəsmi diplomatik çərçivələri aşaraq xalqlar arasında ruhani yaxınlığı və qarşılıqlı hörməti daha da gücləndirmişdir. Bu səfərin simvolik məqamlarından biri də Prezident İlham Əliyevə Türkmənistan rəhbərliyi tərəfindən “Axaltəkə” cinsinə aid “Taus” adlı atın hədiyyə olunması olmuşdur. Bu yalnız protokol jesti deyil, türkmən xalqının qədim irsinə və dostluğa verdiyi dəyərin göstəricisi idi.

Səfər çərçivəsində imzalanan sənədlər və qəbul olunan qərarlar, xüsusilə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında formalaşan üçtərəfli əməkdaşlıq formatı regionun gələcək inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və iqtisadi əlaqələrin daha da dərinləşməsi üçün güclü təməl yaratmışdır. Bu əməkdaşlıq həm Xəzər dənizi regionu, həm də Türk dünyası üçün strateji əhəmiyyət kəsb edir.

Bütün bu proseslər bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional əməkdaşlıqda aparıcı rol oynayır. Azərbaycan, milli maraqları qorumaqla yanaşı, qardaş ölkələrlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirərək Türk dünyasının birliyinə və gücünə töhfə verir. Bu yanaşma, sülhə, tərəqqiyə və birgə gələcəyə xidmət edən çoxşaxəli siyasətin bariz nümunəsidir.

Məmmədzadə Məmmədcəfər
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı

.

👁 1 baxış