Tarixi qələbədən sülhə doğru strateji yol

21 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə, Kəlbəcər və Ağdərə şəhərlərinə səfər etmişdir. Səfər çərçivəsində bir sıra sosial infrastruktur obyektlərinin təməli qoyulmuş, eyni zamanda müxtəlif layihələrin açılış mərasimləri həyata keçirilmişdir. O cümlədən, Kəlbəcər şəhərində yerləşən 1-ci yaşayış kompleksində fərdi və çoxmərtəbəli yaşayış evlərində yaradılmış şəraitlə tanışlıq həyata keçirilmişdir. Bu zaman cənab Prezident burada məskunlaşmış sakinlərlə görüş keçirmiş və geniş məzmunlu nitq ilə çıxış etmişdir. Dövlət başçısının çıxışında bir sıra mühüm mövzulara toxunulmuş, xüsusilə müharibənin tarixi aspektləri və bu günün reallıqları dərin təhlil edilmişdir.

Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Bəli, dünyada demək olar ki, hər gün yeni münaqişə ocaqları yaranır.Bir çox böyük dövlətlər müharibələr aparır. Amma onların heç də hamısı hansısa nəticəyə nail ola bilmir. İllərlə davam edən müharibələr bir çox insan itkilərinə, dağıntılara, kütləvi köçlərə səbəb olsa da nəticədə qalib tərəf müəyyənləşmir. Azərbaycan isə cəmi 44 gün ərzində buna nail olmağı bacardı. Ölkəmiz son on illiklərdə opponentini mütləq şəkildə məğlub etməyi bacaran, onu kapitulyasiyaya məcbur edən, eyni zamanda sülhə doğru əmin addımlar atan tək ölkə olmaq xüsusiyyətini daşıyır. Bəs, biz bunu necə bacardıq? Cavab sadədir. Azərbaycan dövləti, xalqı, ordusu vahid bir yumruq kimi hərəkət etdi. Vətənini bütün dəyərlərdən üstün tutdu. Ən böyükdən ən kiçiyə qədər, dövlət başçısından azyaşlı uşağa qədər hər kəs vahid bir amal uğrunda birləşdi. Beləliklə, bu uğurun başlıca səbəbi xalq, dövlət və ordu arasında mövcud olan sarsılmaz birliyin nəticəsidir. Onu da qeyd edək ki, müharibə təkcə 44 gün ərzində getmədi. Ondan əvvəlki 27-28 il ərzindən və ondan sonrakı 3 il ərzində də getdi. Ta ki, Azərbaycan tam şəkildə öz suverenliyini, ərazi bütövlüyünü bərpa edənədək. 2023-cü ilin 19-20 sentyabr tarixlərində bir günlük anti-terror əməliyyatı ilə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəran da dövlətimizin yurisdiksiyasına qaytarıldı. Beləliklə tarixi ədalət, beynəlxalq hüquq zəfər çaldı. Dövlət başçımızın dediyi kimi, bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi. Ancaq bu da hələ son deyildi. Artıq qarşıda sülhün əldə olunması missiyası dururdu. Bu prosesə də dövlətimiz öncülük etdi. Sülh prosesinin şərtləri və gedişatı Azərbaycanın diktəsi ilə formalaşdı. Və nəhayət cari ayın 8-də dünyanın bir nömrəli paytaxtında ABŞ Prezidenti Donald Trumpın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri bir araya gələrək Birgə Bəyannamə imzaladılar. Bu bəyannamə və daha sonra paraflanmış sülh sazişi bir daha göstərdi ki, Azərbaycan öz şərtləri və maraqları çərçivəsində gələcəyi formalaşdırır. Bu sənəddə iki ölkənin münasibətləri ilə yanaşı, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa keçid məsələsi də öz həllini tapdı.

Dövlətimizin başçısının niqtində, daha bir diqqət çəkən başlıq, “dəmir yumruq”la bağlı oldu. Vurğulandı ki, biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bəli, ən yüksək səviyyədə verilən bu mesaj yəqin ki, lazımi dairələrə çatmışdır. Azərbaycanın dəmir yumruğu yerindədir. Heç kəs bunu unutmamalı və hər addımda bu reallıqla hesablaşmalıdır.

Bütün bu tarixi nailiyyətlər, regionda sülhün və sabitliyin təmin olunması, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və müasir dövlətçilik modelinin inkişafı birbaşa Prezident İlham Əliyevin yüksək idarəçilik bacarığı, uzaqgörənliyi və milli maraqlara söykənən prinsipial siyasəti nəticəsində mümkün olmuşdur. Onun rəhbərliyi altında Azərbaycan regionda lider dövlətə çevrilmiş, daxili sabitlik, iqtisadi inkişaf və siyasi əmin-amanlıq təmin edilmişdir. Bu gün Azərbaycan xalqı əmindir ki, qarşıdakı mərhələdə də dövlət başçısının qətiyyətli və müdrik rəhbərliyi ilə daha böyük uğurlar əldə ediləcəkdir.

Elzamin Həsənov

Pirallahı rayonu, 186 №-li tam orta məktəbin direktoru

👁 baxış