08 avqust 2025-ci il – Azərbaycanın yeni tarixində parlaq bir dönüş nöqtəsi, diplomatiya cəbhəsində əldə olunan ən mühüm qələbələrdən biri, müstəqilliyimizin ilk günündən bəri apardığımız haqq savaşının məntiqi sonluğa yaxınlaşdığı gün. Bu tarix, otuz illik Qarabağ probleminin beynəlxalq hüquq və ədalət müstəvisində həllinə aparan sülh müqaviləsinin təməlinin qoyulduğu gündür.
Bəli, bu yol asan olmadı. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən, hətta ondan əvvəlki dövrdən Ermənistanın hərbi təcavüzü və işğal siyasəti ilə üz-üzə qaldı. İllərlə davam edən bu münaqişə yalnız bir ərazi mübahisəsi deyildi – bu, həm də bir xalqın tarixi ədalət uğrunda mübarizəsi, mənəvi müqaviməti idi. Münaqişə təkcə ölkəmizin iqtisadi və siyasi inkişafına mane olmadı, eyni zamanda bütün regionda sülhə, sabitliyə və əməkdaşlığa ciddi əngəl yaratdı. Ermənistan rəhbərliyinin illərlə apardığı qeyri-konstruktiv siyasət, sülh danışıqlarını yalnız vaxt udmaq üçün istifadə edilməsi, hətta 44 günlük Vətən müharibəsindən sonra belə danışıqların süni şəkildə ləngidilməsi vəziyyəti bu günlərə qədər gərgin saxladı. Amma artıq vəziyyət dəyişib. Bu gün yeni reallıqlar var və bu reallıqları yaradan tərəf Azərbaycandır!
08 avqustda Vaşinqtonda, dünyanın ən güclü dövlətinin paytaxtında, ən yüksək diplomatik səviyyədə keçirilmiş görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalandı. Bu sənəd, iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanmasına aparan yolda tarixi mərhələ oldu.
Azərbaycan bu günə qədər sülhə açıq, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe sərgiləmişdi. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin formal olaraq dayandırılması bu yolun əsas şərtləri idi. Bu gün artıq bu tələblər rəsmi sənədlərdə öz əksini tapır və proses dönməz mərhələyə qədəm qoyur. Sülh sazişi imzalanmağa doğru gedir. Regionda uzun illərdən bəri hökm sürən qeyri-müəyyənlik, gərginlik və risklər tədricən yerini dayanıqlı sabitliyə və əməkdaşlığa verir. Bu, yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın gələcəyi üçün əhəmiyyətlidir.
Əlbəttə, bu zirvəyə gəlib çatmaq üçün böyük bir siyasi iradə, qətiyyət və strateji baxış tələb olunurdu. Bu ağır və məsuliyyətli yükü isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev öz üzərinə götürdü. Onun son 20 ildə apardığı məqsədyönlü siyasət, diplomatik çevikliyi, prinsipial və ardıcıl mövqeyi sayəsində Azərbaycan bu gün dünyada öz haqqını tanıtdı, öz sözünü dedi və sözünü qəbul etdirdi.
Vaşinqtonda, Ağ Evdə dövlət başçımıza göstərilən yüksək ehtiram və qəbul bir daha sübut etdi ki, İlham Əliyev təkcə Azərbaycan xalqının deyil, həm də beynəlxalq ictimaiyyətin hörmət ilə yanaşdığı liderlərdəndir. Bu diqqət həm də Azərbaycanın artan nüfuzunun, möhkəmlənən mövqeyinin və güclənən dövlət iradəsinin təzahürüdür.
Əgər 30 il əvvəl torpaqlarının beşdə biri işğal altında olan, iqtisadiyyatı çökmüş, bir milyondan çox vətəndaşı məcburi köçkün düşmüş bir Azərbaycan vardısa, bu gün qalib, öz sözünü diqtə edən, regionun gələcəyini müəyyənləşdirən bir Azərbaycan var. Bu, sadəcə siyasi qələbə deyil – bu, həm də tarixi ədalətin təntənəsidir, xalqın qürurunun bərpasıdır.
Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün Azərbaycan xalqı öz lideri ilə –tarix yazan, tarix yaradan bir liderlə fəxr edir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız müharibədə deyil, diplomatiyada da qalibdir. Onun siyasəti Azərbaycanı müasir dünyada güclü, söz sahibi və gələcək yönümlü bir dövlətə çevirib. Xalq bu siyasətə inanır, bu liderin arxasında birləşir və onun müəyyən etdiyi yolun qalibiyyət və rifah yolu olduğunu bilərək bu yolda əminliklə addımlayır.
Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
👁 baxış
