Azərbaycan cəmiyyəti mötəbər bir tarixi günü qeyd etməyə hazırlaşır. Cəmi bir neçə gün sonra milli mətbuatın yaranmasının 150 illiyi böyük coşqu və sevinclə qeyd ediləcək. Bu coşqu və sevincin bir səbəbi milli mətbuatın 150 yaşının tamam olmasıdırsa, digər səbəbi belə bir əlamətdar hadisənin öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmiş, regionun yeni güc mərkəzi kimi qəbul olunan yeni Azərbaycan reallığında qeyd edilməsidir. Təbii ki, dövlət müstəqilliyimiz kimi, milli mətbuatımız da bu günə heç də asanlıqla gəlib çıxmayıb. Azərbaycan mətbuatı 150 il ərzində çətin və şərəfli inkişaf yolu keçib. XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.
“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar. Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. Demokratik və sivil dövlət quruculuğuna sadiqliyini əyani şəkildə sübut edən Azərbaycan Prezidenti İlham Əliyevin mediaya xüsusi yanaşması hər zaman göz önündə olub. Onun həyata keçirdiyi siyasət birbaşa müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edir. Azərbaycan hökuməti söz və mətbuat azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı üçün bütün zəruri addımları atıb və atmağa davam edir.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Mətbuat daim bu çağırışları fəaliyyətinin önündə saxlayır: Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. Mediamız dövrün tələbinə uyğun olaraq daha da təkmilləşir, yeniləşir.
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
👁 baxış
