Milli mətbuatın şərəfli yolu

Bu il ölkəmizdə Azərbaycan milli mətbuatının yaradılmasının 150 illik yubileyi qeyd olunur. Uzun və keşməkeşli bir yol keçən milli mətbuatımız bu müddət ərzində saysız-hesabsız sınaqlarla qarşılaşmış, öz mövqeyini qoruyub saxlamaq və təsdiqləmək üçün çətin və şərəfli imtahanlardan uğurla çıxmışdır. Bu imtahanlarda Çingiz Mustafayev, Salatın Əsgərova, Sirac Abışov və Məhərrəm İbrahimov kimi qəhrəman jurnalistlərimiz öz canları və qanları bahasına Azərbaycan mətbuatının şərəfini və adına layiqli şəkildə sahib çıxmışlar. Milli mətbuatımızın təməlini qoyan Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Əlimərdan bəy Topçubaşov kimi maarifçi ziyalıların miras qoyduğu ideallara sadiq qalaraq, bu gün həmin bayraq XXI əsrin müasir informasiya məkanında qürurla dalğalanır və yeni dövrün çağırışlarına cavab verəcək şəkildə daha da irəli aparılır.

Mətbuatımız hazırda özünün ən parlaq və məsuliyyətli dövrünü yaşayır. Rəqəmsal transformasiyanın, informasiya müharibələrinin və dezinformasiyaların artdığı bir zamanda Azərbaycan jurnalistikası bu çağırışlara çevik və peşəkar şəkildə cavab verir. Operativ, dəqiq və obyektiv informasiya təqdim etmək, ictimai rəyə sağlam təsir göstərmək, milli maraqları qorumaq və dövlətçilik prinsipinə sadiq qalmaq mətbuatın əsas vəzifələri olaraq qalır.

Azərbaycan mətbuatı bu günlərə qədər ən ciddi sınaqlarından birini 44 günlük Vətən müharibəsində verdi. Dünyanın nüfuzlu KİV-lərinin yayımladığı qərəzli və məqsədli dezinformasiyalar məhz milli mətbuatımızın fəaliyyəti sayəsində ifşa edildi. Gəncə, Bərdə, Mingəçevir kimi şəhərlərimizin dinc əhalisinin ballistik raketlərlə hədəfə alınması faktları yerli və beynəlxalq ictimaiyyətə anında və dolğun şəkildə təqdim olundu. Eyni zamanda, Laçın yolundakı ekoloji fəallarımızın aylarla davam edən etiraz aksiyalarında, 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərində və postmünaqişə dövründə regiondakı hadisələrin işıqlandırılmasında mətbuatımızın nümayəndələri daim ön cəbhədə oldular. Onların cəsarəti, peşəkarlığı və milli maraqlara bağlılığı bu sahənin nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi.
Əbəs yerə deyil ki, Ümummilli Lider Heydər Əliyev milli mətbuatın gücünü yüksək qiymətləndirir, onun inkişafını daim diqqət mərkəzində saxlayırdı. Məhz onun rəhbərliyi dövründə mətbuat üzərində senzura ləğv edildi, jurnalistlərin fəaliyyətinə geniş imkanlar yaradıldı, müasir media institutlarının formalaşması üçün ciddi addımlar atıldı.
Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar – Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, peşəkarlığın artırılması istiqamətində atılan addımlar – Azərbaycanda güclü, müstəqil və məsuliyyətli media sisteminin qurulmasına xidmət edir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, mətbuat ictimai nəzarətin formalaşmasında və demokratik cəmiyyətin əsas sütunlarından biri kimi fəaliyyət göstərməlidir.

Azərbaycan Milli Mətbuatının 150 illiyi yalnız bir yubiley deyil, həm də bu sahənin gələcəyinə olan inamın, dəyərin və məsuliyyətin təzahürüdür. Bu əlamətdar hadisə jurnalistləri daha da peşəkar olmağa, sözün gücünə və ictimai etimada layiq qalmağa sövq edir.

Ramazanova Həcər Ramazan qızı
Bakı şəhəri Pirallahı rayonu, 186 №-li tam orta məktəbin
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı

👁 baxış