“Bizim ölkədə qadına göstərilən hörmət, dövlətin qadınlarımıza olan qayğısı heç bir ölkədə yoxdur. Bunu yaltaqlıq üçün yox, həqiqətən deyirəm. Qadına güldən ağır söz deyən var? Gecə saat 2-də, 3-də çıxırlar çölə, nə istəsələr edirlər, güldən ağır nəsə deyən olur? Əlbəttə ki, yox. Sovetin vaxtında belə deyildi. O vaxtlar durub gedirdim bacımı dərsdən, işdən gətirirdim. İndi qadınlar azaddırlar, onlar üçün hər cür gözəl şərait düzəldiblər. Ölkəmizdə qadınlara dəstək var, arxalarında dövlətimiz dayanıb. Qızlarımız hamısı işləyirlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar artist Mirnazim Əsədullayev deyib.
“Sadəcə, qadınlarımız bir az geyimlərinə fikir versələr, hər şey düzələr. Azərbaycan qadınından heç yerdə yoxdur. Gözəlliyi… Hər mənada. Geyimləri yaxşı olsa, lap gözəl olar. Yəni bir az bağlı geyinsinlər. Çox açıq-saçıq nəyə lazımdır? Cavanlarımız, oğlanlarımız əldən gedir axı… Dövlət qadınlara kişilərdən yaxşı qulluq edir, onları qoruyur. Əlbəttə, kişilərimiz də qadınlarımızı qoruyur. Azadlıqdır, çox gözəldir”, – M.Əsədullayev bildirib.
Əməkdar artist əlavə edib ki, zorakılığa qadın özü şərait yaradır: “Hər qadın elə hərəkət etmir axı. Xırda şeyləri bəzən şişirdirlər. Belə şeylər mənlik deyil…”