Türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələsi

21 May 2025-ci il tarixdə Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Görüşdə dövlətimizin başçısı cənab İlham Əliyevlə yanaşı, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev də iştirak etdilər. Səmimi və məhsuldar keçən görüş nəticəsində 71 bəndlik Birgə Bəyannamə qəbul edildi. Bu Bəyannamədə tərəflər  Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirdilər.

Zirvə görüşü bir çox maraqlı məqamlarla yadda qalıb. İlk növbədə qeyd etmək istərdim ki, ikincisi keçirilən qeyri-rəsmi Zirvə görüşünün təsisi dövlət başçımız İlham Əliyevin adı ilə bağlıdır. Ötən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu il isə Macarıstan estafeti bizdən alaraq tarixdə ilk dəfə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına ev sahibliyi etdi. Bu Macarıstanın tarixi köklərinə verdiyi yüksək dəyərin əyani təsdiqidir.

Ümumilikdə deyə bilərik ki, Azərbaycan hər zaman bu təşkilata yüksək dəyər vermiş və bunu öz siyasətində, əməllərində açıq göstərmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti ötən il keçirilən Prezident seçkilərində inamlı qələbədən sonra andiçmə mərasimindəki nitqində demişdir, Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Qeyd edək ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə dövlətimizin başçısı İlham Əliyev çıxış edərək bir çox vacib məqamlara toxundu. Bu məqamlardan biri də türk dövlətlərinin nəqliyyat sahəsində əməkdaşlığının gücləndirilməsi ilə bağlı idi. Prezident İlham Əliyev bu məsələ ilə bağlı bildirdi ki, son illərdə nəqliyyat infrastrukturuna qoyulan böyük sərmayələr nəticəsində Azərbaycan, açıq dənizlərə çıxışı olmasa da, Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilmişdir.  O da vurğulandı ki, Azərbaycan ötən il COP29-u yüksək səviyyədə təşkil etməyə nail oldu və bu mötəbər tədbirdə 197 ölkəni təmsil edən 77 min iştirakçı iştirak etdi. O cümlədən, konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir.

Daha sonra digər dövlətlərin başçıları da çıxışlar etmiş, vacib fikirlər səsləndirmişlər. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq demişdir: “Dünyamız üçün strateji əhəmiyyətə malik Qafqaz bölgəsində yaşanan prosesləri diqqətlə izləyirik. Can Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi üzrə razılıq əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə olunacağı təqdirdə, bu vəziyyət heç şübhəsiz ki, Türk dünyamız üçün bir çox fürsətlər yaradacaq. Bu baxımdan Müzəffər Prezident, əziz Qardaşım İlham Əliyevin bölgəyə sülhü gətirəcək Lider olaraq adını tarixə yazdıracağına əminəm”.

Nəticə etibarilə, Budapeştdə keçirilən Zirvə görüşü Türk dünyasında həmrəyliyin və əməkdaşlığın dərinləşməsi baxımından mühüm addım oldu. Azərbaycanın təşəbbüsləri, təşkilat daxilindəki fəallığı və strateji baxışları Türk Dövlətləri Təşkilatının gələcəyinə olan inamı daha da gücləndirir. Şübhə yoxdur ki, qarşıdakı illərdə Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni inteqrasiya daha da artacaqdır.

Yaqub Hüseynov

Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

👁 baxış