Türk Dövlətləri Təşkilatı: Gələcəyə doğru ortaq addımlar

Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında əməkdaşlıq və birliyin möhkəmləndirilməsi məqsədilə yaradılmış beynəlxalq qurumdur. Hazırda təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Türkmənistan və Macarıstan isə müşahidəçi statusunda iştirak edirlər. Coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, bu ölkələri birləşdirən ortaq dil, mədəniyyət, adət-ənənələr və tarix kimi dəyərlər onları sıx əməkdaşlığa sövq edir.

Son illərdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bu artım, üzv ölkələrin enerji ehtiyatları, nəqliyyat dəhlizləri və geostrateji mövqeləri ilə izah olunur. Təşkilat həmçinin sülh, əməkdaşlıq və qarşılıqlı inkişafa əsaslanan bir platformadır.

Azərbaycan təşkilatın yaradıcılarından və ən fəal üzvlərindən biri olaraq daim türkdilli dövlətlər arasında birliyin gücləndirilməsinə çalışır. Prezident İlham Əliyev çıxışlarında təşkilatın önəmini vurğulayır və bu birliyin möhkəmləndirilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanın təşəbbüsü ilə təşkilat çərçivəsində müxtəlif tədbirlər və ortaq layihələr həyata keçirilmişdir.

Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatı mühüm yer tutur. 21 may 2025-ci il tarixində Budapeştdə keçirilmiş Təşkilatın Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev iştirak edərək Azərbaycanın bu il rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyini qeyd etmişdir. Həmçinin, nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən danışmışdır. Açıq dənizlərə çıxışı olmasa da, ölkəmiz hazırda Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.

Azərbaycanın təşkilata verdiyi əhəmiyyət bir neçə əsas faktorla bağlıdır. Ölkəmiz türkdilli dövlətlərlə ortaq dil, tarix, mədəniyyət və dəyərləri paylaşır. Bu ortaq baza yalnız mədəni yaxınlıq deyil, həm də siyasi və iqtisadi əməkdaşlıq üçün münbit zəmin yaradır. Azərbaycan enerji və nəqliyyat layihələri vasitəsilə iqtisadi tərəfdaşlığı möhkəmləndirir. Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və digər regional layihələr bu əməkdaşlığın göstəriciləridir. Bundan əlavə, təhlükəsizlik və regional sabitlik məsələləri də təşkilat çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biridir. Üzv dövlətlər arasında hərbi və təhlükəsizlik sahələrində fikir mübadilələri aparılır, təlimlər keçirilir ki, bu da regionun sabitliyinə töhfə verir. Azərbaycan həmçinin mədəni, təhsil və texnologiya sahələrində də Təşkilat çərçivəsində fəal iştirak edir. Müxtəlif tədbirlərə ev sahibliyi edən ölkəmiz, ortaq layihələrin reallaşmasında təşəbbüskar mövqe tutur.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan gələcəkdə də türkdilli ölkələrlə əməkdaşlığı daha da dərinləşdirmək əzmindədir və bu istiqamətdə ardıcıl addımlar atılacaq.

 

Məmmədzadə Məmmədcəfər

Pirallahı RİH başçısı Aparatının məsul əməkdaşı

👁 baxış