Son illərdə Azərbaycan ilə Macarıstan arasında münasibətlər keyfiyyətcə yeni və daha yüksək bir mərhələyə qədəm qoyub. Bu yüksəliş, hər iki ölkənin liderləri arasında formalaşan səmimi dostluq və güclü siyasi iradənin bariz nəticəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin dinamik inkişafı məmnunluq doğurur. Eyni çıxışda dövlət başçısı vurğulayıb ki, bu, onun Macarıstana altıncı səfəridir. Macarıstanın Baş naziri Viktor Orban isə Azərbaycana artıq yeddi dəfə səfər edib. Bu intensiv qarşılıqlı səfərlər və sıx siyasi təmaslar deməyə əsas verir ki, Macarıstan Azərbaycanın etibarlı və uzunmüddətli strateji tərəfdaşıdır.
Azərbaycan və Macarıstan bir çox baxımdan bir-birinə bənzər xüsusiyyətlərə malikdir. Tarixi kökləri oxşar olan bu iki xalq əhali sayı və ərazi ölçüləri baxımından da yaxın göstəricilərə sahibdir. Hər iki ölkənin açıq dənizə çıxışının olmaması onları regional və beynəlxalq nəqliyyat və enerji layihələrində fəal əməkdaşlığa vadar edir. Bundan başqa, həm Azərbaycan, həm də Macarıstan Rusiya–Ukrayna müharibəsinin coğrafi yaxınlığından qaynaqlanan təsirləri üzərində hiss edən dövlətlərdir. Belə bir geosiyasi reallıq fonunda qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi hər zamankından daha böyük əhəmiyyət kəsb edir. Bütün bu amillər fonunda aydın görünür ki, Azərbaycan və Macarıstanı yalnız coğrafi məsafə ayırır. Əvəzində isə onları birləşdirən güclü tarixi, mədəni və siyasi bağlar mövcuddur. Ən önəmlisi isə odur ki, hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır, beynəlxalq platformalarda qarşılıqlı dəstək göstərməklə nümunəvi əməkdaşlıq nümayiş etdirirlər.
İki ölkəni birləşdirən mühüm platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır. Azərbaycan bu təşkilatın qurucu üzvlərindən biridir. Macarıstan isə təşkilatda müşahidəçi statusu ilə təmsil olunur. Bu statusa baxmayaraq, Macarıstan TDT-nin ikinci qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edərək təşkilata verdiyi önəmi və Türk dünyası ilə əlaqələrinin gücləndirilməsinə marağını açıq şəkildə ortaya qoyur. Qeyd edək ki, 21 May 2025-ci il tarixdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak etdilər. Görüş nəticəsində 71 bənddən ibarət Bəyannamə imzalandı. Sözügedən Bəyannamədə Macarıstanın TDT-yə üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə olan əzmi yüksək qiymətləndirildi və müşahidəçi ölkə Macarıstan tərəfindən ilk dəfə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünə verilən böyük dəyər vurğulandı.
Bu kontekstdə dövlətimizin başçısı, 20 may 2025-ci il tarixində Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfər etdi. Səfərin ilk günü Azərbaycan Prezidenti V.Orbanla həm məhdud, həm də geniş tərkibli görüşlər keçirdi, ardınca isə hər iki lider mətbuata bəyanatlarla çıxış etdi. Verilən bəyanatlar çərçivəsində iki ölkə arasında yüksək səviyyəli əlaqələrdən və xalqlar arasında mövcud olan tarixi, mədəni bənzərliklərdən bəhs olunub. Görüşdə, həmçinin, Azərbaycan-Ermənistan münasibətləri və gözlənilən sülh müqaviləsinin əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyini qeyd ediblər. Macarıstanın müstəqil və milli maraqlara əsaslanan siyasəti, Azərbaycanın da eyni prinsiplərlə hərəkət etməsi fonunda, iki ölkə arasında siyasi və strateji uyğunluğun dərinləşdiyi bir daha təsdiqlənib. Beləliklə, Azərbaycan və Macarıstan təkcə diplomatik tərəfdaş deyil, həm də ortaq dəyərlərə, qarşılıqlı hörmətə və uzunmüddətli strateji maraqlara əsaslanan etibarlı müttəfiqlərdir.
Ülkər Mirzəmətova
YAP Pirallahı rayon təşkilatının fəalı
👁 baxış
