Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır

Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Məhz buna görə də, xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili bizim millət olaraq keçmişimizə, bu günümüzə və sabahımıza açılan mənəvi körpüdür. Bu dil əsrlərin sınağından keçmiş, bəzən qadağalarla üz-üzə qalmış, lakin heç vaxt sarsılmamışdır. Bu gün Azərbaycan dili öz doğma torpağında dövlət dili statusuna sahibdirsə, bu, hər şeydən öncə xalqın iradəsi və Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndərin dil siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən Dahi Lider ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə münasibətdə yalnız tarixi ədaləti bərpa etməklə kifayətlənmədi. Onun dil siyasəti genişmiqyaslı, strateji yanaşmaya əsaslanırdı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili” olaraq təsbit edilməsi, milli dövlətin hüquqi və ideoloji simasını formalaşdırdı. Bu, həm də dilin rəsmi-mənəvi statusunun bütün sahələrdə təminatı üçün hüquqi zəmin yaratdı. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün milli dövlətçilik irsini hər bir sahə üzrə uğurla davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli mərhələsinə çatdıran cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin milli dil əmanətinə də sadiqdir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.

Azərbaycan vətəndaşı olaraq bizim də ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona olan xalq sevgisini, inamını doğrultmaqdır. Məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Məhz buna görə də dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Böyük qürur hissi ilə qeyd etməliyik ki, biz bir xalq olaraq zamanın cürbəcür sınaqlarından keçərək, dilimizi,  milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər,  ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Azərbaycan dili Azərbaycan xalqının ən böyük milli sərvətidir. Bu tezisi milli-mənəvi dəyərlərə sahib olan hər bir vətəndaş bir an olsun belə unutmamalıdır.

   Arzu Rəhimova,

  Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

 

 

👁 baxış