Azərbaycan dili bizim milli sərvətimizdir

Azərbaycan dili xalqımızın milli kimliyini – tarixini, ədəbiyyatını və mədəniyyətini özündə yaşadan və nəsildən-nəslə daşıyan zəngin milli sərvətdir. Onun qorunması və inkişafı məsələsi müasir dövrdə sadəcə ideoloji siyasət çərçivəsində deyil, milli təhlükəsizlik və dövlətçilik strategiyasının ayrılmaz hissəsi kimi dəyərləndirilir. Bu baxımdan, ana dilimizin dövlət səviyyəsində qorunması və təşviqi istiqamətində həyata keçirilmiş məqsədyönlü siyasət müasir tariximizin mühüm mərhələlərini təşkil edir. SSİ dövründə – 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” müddəasının yer alması milli iradənin və uzaqgörən siyasi liderliyin təcəssümü idi. O dövrdə müxtəlif təzyiqlərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev böyük siyasi qətiyyət göstərərək ana dilinin Konstitusiyada əks olunmasına nail olmuşdur. Bu, dilimizin cəmiyyət həyatının bütün sferalarında tətbiqi üçün hüquqi baza yaradaraq gələcək müstəqillik yolunda mühüm mərhələ olmuşdur.

Dövlət müstəqilliyinin bərpasından sonra fərqli siyasi-ideoloji reallıqlar meydana çıxmışdır. 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ulu Öndər Heydər Əliyevin ana dilinə göstərdiyi ardıcıl qayğının davamı idi. Həmin dövrdə qəbul edilən qərarlar milli dəyərlərin bərpası və qorunması istiqamətində sistemli fəaliyyətin təzahürü idi. Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar milli özünüdərk və ana dilinə bağlılığın ictimai şüurda gücləndirilməsinə yönəlmiş dəyərli təşəbbüs idi. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun da dilin hüquqi statusunu gücləndirən mühüm sənəd olmuşdur. Qanunda Azərbaycan dilinin istifadəsi, tədrisi, qorunması və təbliği ilə bağlı konkret tələblər əks olunmuşdur.

Ana dilimizin qorunması və inkişafı sahəsində Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Dövlət başçısının bu sahədə imzaladığı sənədlər və həyata keçirdiyi tədbirlər Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsinə, onun cəmiyyətin bütün sahələrində tətbiqinin genişləndirilməsinə və qloballaşma şəraitində inkişafına xidmət edir. Bu sahədə atılan bütün addımlar ana dilimizin zənginləşməsinə və dünya mədəniyyəti ilə inteqrasiyasına töhfə vermək məqsədi daşıyır. Bütövlükdə, Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilən bu mühüm tədbirlər ana dilimizin möhkəm hüquqi əsaslara söykənərək inkişafını təmin etmiş, onun ictimai həyatın bütün sahələrində istifadəsini genişləndirmiş və milli kimliyimizin qorunmasında əvəzsiz rol oynamışdır. Bu gün ana dilinin qorunması siyasi-ideoloji reallıqlar və qlobal çağırışlar kontekstində mühüm milli vəzifədir. Hazırda bu istiqamətdə həyata keçirilən siyasət Azərbaycan dilini milli varlığın, dövlət müstəqilliyinin və ideoloji bütövlüyün əsas dayaqlarından biri kimi təsbit edir.

Ana dilimiz nəinki klassik ədəbiyyatımızın və musiqimizin daşıyıcısıdır, həm də çağdaş Azərbaycanın informasiya məkanında, elmdə, texnologiyada, hüquqda və digər sahələrdə öz gücünü sübut etmişdir. Qeyd olunanlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyev dahi dövlət adamı, fövqəl siyasi zəkaya malik lider olmaqla yanaşı, həm də milli ruhun keşiyində duran ideoloq idi.  Bu gün Azərbaycan dilinə sahib çıxmaq – dövlətçiliyimizə, müstəqilliyimizə və gələcəyimizə sahib çıxmaq deməkdir. Çünki biz bir xalq olaraq nə qədər güclü, nə qədər müasir və inkişaf etmiş olsaq da, öz ana dilimizi yaşatmadan heç bir halda bütöv ola bilmərik.

Həcər Ramazanova,
Pirallahı rayonu, 186 tam orta məktəbin
məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı

👁 baxış