Zərifə Əliyeva – Nurlu ömrün zərrin izi

İnsan var ki, yaşadığı ömrü ilə təkcə bir ailənin, bir cəmiyyətin deyil, bütöv bir xalqın yaddaşına əbədi həkk olunur. Elə bir şərəfli ömür sürür ki, illər keçsə də, o ömür yaddaşlarda yalnız adla deyil, amal və nurla xatırlanır. Akademik Zərifə Əliyeva da məhz belə insanlar sırasındadır – onun həyatı yalnız bir insanın tale yolu deyil, Azərbaycan qadınının elmə, ailəyə və vətənə sədaqətinin, şəfqətinin, müdrikliyinin canlı təcəssümüdür.

Zərifə xanım 28 aprel 1923-cü ildə Naxçıvan şəhərində, Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya gəldi. Onun ailəsində hökm sürən mənəvi dəyərlər, intellektual mühit, fədakarlıq ruhu və xalqına xidmətdə olan ali məqsədlər, gələcəkdə onun şəxsiyyətinin formalaşmasında müstəsna rol oynadı. Zərifə xanım daha uşaqlıqdan həm biliklərə, həm də insanlar arasında olan münasibətlərdə səmimiyyət və mərhəmətə önəm verən bir mühitdə yetişdi.

Zərifə Əliyeva Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Onun elmi fəaliyyətinin başlanğıcı oftalmologiya sahəsində oldu və bu sahəyə o qədər bağlılıqla yanaşdı ki, tədricən adı ölkənin və regionun ən nüfuzlu göz həkimləri sırasında çəkilməyə başladı. Öz araşdırmalarında xüsusilə peşə xəstəlikləri nəticəsində yaranan göz problemləri və onların profilaktikası istiqamətində mühüm elmi nəticələr əldə etdi. Bu sahədə doktorluq dissertasiyası müdafiə etdi və bu işləri sayəsində Zərifə xanım, yalnız bir praktik oftalmoloq deyil, həm də nəzəri tibb elminin inkişafında ciddi töhfələr verən alimə çevrildi. Onun elmi araşdırmaları, əməyi və zəhməti yüksək qiymətləndirildi – SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçildi. Bu, təkcə onun üçün yox, bütövlükdə Azərbaycan qadın elmi üçün bir zirvə idi.

Həkimlik təkcə diaqnoz qoymaq deyil, bu bir həyat fəlsəfəsidir. Zərifə Əliyeva bu fəlsəfəni yaşayırdı. Onun üçün həkim olmaq, yalnız gözləri müalicə etmək yox, insanların həyatına nur gətirmək, onları qorumaq, ümid vermək idi. Ona müraciət edən hər bir xəstə yalnız fiziki deyil, mənəvi dəstək də tapırdı.

Zərifə Əliyevanın həyatında ən böyük dayaqlardan biri onun ömür-gün yoldaşı, müdrik siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev idi. Onların ailəsi qarşılıqlı hörmətə, dərin sevgi və anlayışa əsaslanan bir birlik idi. Zərifə xanım, Heydər Əliyevin ağır və gərgin siyasi fəaliyyəti dövründə hər zaman onun yanında oldu – səssiz, təmkinli, lakin sarsılmaz bir dayaq kimi.

Bu birlikdən doğan enerji onların övladlarında, o cümlədən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdə öz əksini tapdı. İlham Əliyev təkcə siyasi məktəbi atası Heydər Əliyevdən deyil, insanlıq məktəbini anası Zərifə Əliyevadan aldı. Onun ictimai-siyasi davranışında görünən sakitlik, təmkin, dəqiqlik və məsuliyyət hissi Zərifə xanımın ana qayğısının və tərbiyəsinin bariz nümunəsidir.

Zərifə Əliyeva yalnız bir alim, bir həkim, bir ana deyildi – o, bütöv bir dəyər daşıyıcısı idi. Onun həyatı təkcə bioqrafik faktlardan ibarət olmayıb – onun həyat yolu insana, cəmiyyətə və bəşəriyyətə sevginin canlı nümunəsidir.

Mülayimliyi, təvazökarlığı, əzmkarlığı, güclü mənəviyyatı və insanlara olan hörməti ilə o, qadın adına ucalıq gətirdi. O, cəmiyyətin formalaşmasında qadının necə böyük rola malik olduğunu susaraq, lakin işləri ilə sübut etdi.

Zərifə Əliyeva 1985-ci ildə bu dünyadan köçdü. Lakin o, ölmədi. Onun adı ilə bağlı elmi əsərlər yaşayır, adını daşıyan tibb ocaqları, məktəblər, küçələr göz oxşayır. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu gün onun xatirəsini yaşadır və onun başladığı işləri davam etdirir.

Zərifə Əliyevanın ömrü bir insan ömründən daha artıqdır. O, öz həyatı ilə əbədi bir məktəb yaratdı – bu məktəbdə sevgi var, elm var, insanlıq var. Onun adı çəkiləndə yalnız oftalmologiya deyil, həm də qadın müdrikliyi, ana şəfqəti və insanlara olan böyük sevgi yada düşür.

Bu nurlu ömür bizim qürurumuzdur. Onun həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün bir örnək, hər bir Azərbaycan qadını üçün ilham mənbəyidir. Zərifə xanım, sən işığınla yalnız gözləri deyil, qəlbləri də işıqlandırdın. Bu xalq səni heç vaxt unutmayacaq !!!

Süpay Məmmədov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

 

👁 baxış