“Müxtəlif peşə sahibi olan insanlar var ki, onlar məmur olmağa can atırlar. Çünki bəzilərinin maddi nəfsi çox güclüdür. Ona görə də öz peşələrindən üz döndərirlər”.
Məcra.az xbər verir ki, bunu məmur olmağa can atan insanlarla bağlı Oxu.Az-a açıqlama verən yazıçı Seyran Səxavət deyib.
Qeyd edək ki, son illər Azərbaycanda öz peşələrini fərqli sahədəki məmur kimliyi ilə dəyişməyi seçənlərin sayı artıb. Bəziləri bunu yaxşı həyat qurmaq üçün etdiklərini deyirlər, bəziləri abituriyent olduqları zaman can atdıqları ixtisası seçə bilmədikləri ilə əlaqələndirirlər, bir qisminin isə yaşayışı yaxşı olsa da, nüfuz qazanmaq istəyi hətta tanış olmayan sahəni seçməyə vadar edir.
Belə vəziyyət isə heç də hər zaman vətəndaş məmnuniyyəti ilə nəticələnmir. Yəni insanlar fikirləşirlər ki, öz sahəsi üzrə peşəkar olmayan məmur problemlərin həllində əsas maneədir.
Yazıçı Seyran Səxavətin sözlərinə görə, peşəyə təsadüfən gələnlər özlərini həmişə yad hiss edirlər:
“Bəzi insanlar peşəyə təsadüfən, əlacsızlıqdan gəliblər. Buna görə də özlərini hər zaman pis, yad hiss edirlər. Çünki özlərini dəqiq hansısa peşədə görə bilmirlər. Bu səbəbdən daim axtarışda olurlar. Bəziləri isə tam əksinə, sırf maddi nəfslərinə görə bu yol əl atırlar.
Əksəriyyətin əsaslı səbəbi yoxdur. Bizim insanlarda maddi nəfs çox güclüdür. Ona görə də öz peşələrindən üz döndərir, xəyanət edir və məmur olmağı seçirlər. Bahalı maşınlarda gəzmək üçün edirlər. Mən belə başa düşürəm ki, dünyada pis maşın yoxdur. Bir pis maşın var ki, o da olmayandır”.
Yazıçı nəfsimizin bizi idarə etdiyini əlavə edib:
“Böyük xalq olaraq özümüzü idarə edə bilmirik. Ancaq nəfsimiz idarə edir. Nəfsimizi kəsib, atmalıyıq. Yoxsa bu gün də olmasa, sabah çox çətin olacaq. Nəfs elə bir marşrutdur ki, insanı insanlıqdan çıxarır, məhv edir”.