Azərbaycan o ölkələrdəndir ki, mədəni və iqtisadi potensialının çoxu, ölkə əhalisinin az qala yarısı demək olar ki, yalnız paytaxtda cəmləşib. Düzdür, qeyd olunan faktorlar bəzi ölkələrdə də müşahidə olunur. Amma Bakının digərlərindən fərqi ondadır ki, ölkənin digər bölgələrində sadalanan sistemlər zəif formada olduğundan bütün ağırlıq paytaxta düşüb. Ultra-urbanizasiya prosesinin mənfi təsirləri özünü şəhərdaxili nəqliyyatda da göstərir. Yəni, ölkə əhalisinin böyük hissəsinin regionlardan paytaxta doğru axını start götürdü. Bu axına ali məktəblərdə təhsil almağa və işləməyə gələn yüz minlərlə vətəndaş, Ermənistandan və işğal edilmiş ərazilərimizdən deportasiya edilən yüzminlərlə azərbaycanlının, həmçinin son vaxtlar qonşu ölkələrdən Bakıya köç edən miqrantların, paytaxtda məskunlaşması kimi prosesləri də əlavə etsək, mənzərə tam aydınlaşar.1990-cı ildə sovet Bakısının əhalisi ətrafı ilə birlikdə 2 milyon civarında idisə, hazırda qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 5 milyona yaxındır. Rəsmi məlumatlar ona görə dəqiq deyil ki, əyalətlərdə qeydiyyatda olan, özü isə daim Bakıda iş və ya təhsil səbəbilə yaşayan yüzminlərlə vətəndaşımız var. Beləliklə, son 30 ildə paytaxtımız xeyli “kökəldiyindən”, paytaxt həyatının bütün sahələrində olduğu kimi, şəhər orqanizminin qan damarları sayılan nəqliyyat sistemində də vəziyyət gərginləşib.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nəqliyyat Strategiyası nəqliyyat sisteminin inkişaf istiqamətlərini, dövlətin nəqliyyat sahəsində fəaliyyətinin əsas vəzifələrini, forma və məzmununu müəyyən edir, nəqliyyat kompleksi üçün vahid prioritetlər sistemini təyin edir və spesifik xüsusiyyətləri nəzərə alınmaqla ayrı-ayrı nəqliyyat növlərində bu prioritetlərin həyata keçirilmə istiqamətlərini müəyyənləşdirir, dövlət nəqliyyat siyasəti sahəsində qərarların qəbul edilməsi, nəqliyyatda və iqtisadiyyatın nəqliyyatla sıx əlaqədar olan sahələrində məqsədli proqramların hazırlanması, nəqliyyatdan asılı sosial, müdafiə və digər problemlərin həll edilməsində əsas istinad kimi qəbul edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 28 yanvar tarixində keçirdiyi müşavirədə nəqliyyat məsələləri müzakirə olunaraq, ölkəmizin bu sahədəki mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirildi. Cənab Prezident İlham Əliyev Bakıdan savayı , ölkəmizin digər bölgələrində də həyata keçirilmiş böyük layihələrindən bəhs etdi. Aparılan genişmiqyaslı işlər nəticəsində magistral, şəhərlərarası və kənd yolları yenidən qurulmuşdur. Azərbaycan regionda mühüm nəqliyyat qovşağına çevrilmişdir.
Azərbaycanın nəqliyyat sektoru həm daxili, həm də beynəlxalq səviyyədə mühüm inkişaf yolu keçməkdədir. Ölkəmizdə əhalinin artması və iqtisadi aktivliyinin yüksəlməsi yeni nəqliyyat strategiyalarının hazırlanmasını zəruri edir. Sözsüz ki, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun genişləndirilməsi, kənd yollarının təmiri və beynəlxalq nəqliyyat dəhlizlərinin modernləşdirilməsi istiqamətində görülən işlər Azərbaycanın nəqliyyat sahəsində dayanıqlı inkişafını təmin edəcəkdir.
Emin Süleymanov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı
👁 baxış
