28 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə, ölkənin nəqliyyat infrastrukturunun gələcək inkişafı üçün mühüm bir mərhələdir. Bu görüşdə, bir sıra mühüm məsələlərə toxunulmuş, həmçinin həyata keçirilmiş layihələrin təhlili və gələcəkdə icra olunacaq yeni təşəbbüslər barədə ətraflı məlumat verilmişdir. Dövlət başçısının çıxışı zamanı xüsusi diqqət yetirilən məsələlərdən biri də Bakı şəhərində yaşanan tıxac problemi olmuşdur.
Ölkə əhalisinin sürətli artımı, təbii olaraq nəqliyyat infrastrukturunun bu artıma cavab verməsini çətinləşdirib. Prezident İlham Əliyev qeyd edib ki, son 15 ildə Bakı şəhərində bir çox mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Bu layihələr arasında yeni metro stansiyaları, yol qovşaqları, tunellər və körpülər inşa edilmiş, mövcud yollar isə təmir edilərək genişləndirilmişdir. Bəli, bu tədbirlər olmasaydı, Bakı şəhərində nəqliyyat sisteminin vəziyyəti acınacaqlı olardı. Lakin, bununla yanaşı, bu gün artıq yeni bir proqramın qəbuluna ehtiyac var. Bakı şəhərinin və ümumilikdə ölkənin sürətlə artan əhali və nəqliyyat tələblərinə uyğunlaşa bilməsi üçün müasir, innovativ həllər və infrastruktur layihələrinin davam etdirilməsi vacibdir.
Məlumdur ki, Azərbaycanın coğrafi mövqeyi, ölkəni beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdirir. Bu, Azərbaycanın regionda və dünyada mühüm nəqliyyat mərkəzinə çevrilməsinə şərait yaradır. Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirərək qeyd edib ki, ölkənin coğrafi yerləşməsi, sadəcə olaraq, beynəlxalq nəqliyyat dəhlizlərinin keçməsinə imkan yaratmır, eyni zamanda ölkə olaraq biz bu coğrafi imkanlardan səmərəli istifadə edərək, beynəlxalq nəqliyyat və logistika sahəsində strateji mövqeyimizi gücləndirmişik. Son illər ərzində Azərbaycan bu sahədə ardıcıl addımlar atmış, ölkənin tranzit imkanları əhəmiyyətli dərəcədə artırmışdır.
Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzərindəki strateji mövqeyindən istifadəsi, həm ölkənin daxili nəqliyyat infrastrukturunun inkişafına, həm də regionun və dünyanın iqtisadi əlaqələrinin gücləndirilməsinə mühüm töhfələr verəcəkdir. Bunun üçün davamlı olaraq yeni layihələrin icrasına başlanılmalı, beynəlxalq tələblərə uyğun modern nəqliyyat sistemləri qurulmalıdır. Bu, yalnız iqtisadiyyatın inkişafını təmin etməyəcək, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcəkdir.
Nəqliyyat məsələləri, ölkənin inkişafının ayrılmaz bir hissəsi olaraq, hər bir sahədəki tərəqqinin təmin olunmasında önəmli rol oynayır. Bu səbəbdən, bu sahədəki yeniliklər və layihələr yalnız şəhərsalma və infrastruktur sahələrinə deyil, həm də ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərəcəkdir. Bu proseslərin davam etdirilməsi ilə Azərbaycan, nəqliyyat qovşağı kimi həm regional, həm də qlobal ölçüdə daha böyük əhəmiyyət kəsb edəcəkdir.
İlahə Abdullayeva
YAP Pirallahı rayon təşkilatının üzvü
👁 baxış
