Məcra.az xəbər verir ki, Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqlayıb.
Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub:
– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
– İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri
– Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini
– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
– Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
– İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru
– Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi
– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
– Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
– Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant
– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
– Alı Mustafa oğlu Mustafayev – telejurnalist
– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
– Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
– Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
– Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü