“Əvvəlla kino günümüz münasibətilə böyük kino cameəmizin hamısını təbrik edirəm. Verilişə dəvət almışdım və çıxışım olacaqdı, amma səhhətimdə yaranan problemə görə gedə bilmədim”
Bunu Məcr.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül kino günü münasibətilə öz xoş təəssüratlarını bizimlə bölüşüb:
“Biz həyatımızı kinoya fəda edən insanlarıq. Həyat tərzimiz, balalarımızın dolanışığı, evimiz-eşiyimiz nə varsa, hamısı kinonun hesabınadır. Kino bizim ikinci valideynimizdir. Ona görə də mən həmişə kinoya öz doğma valideynim kimi baxmışam və o cür əxlaqla da kinoya yanaşmışam. Altmış illik kino karyeram zamanı bir dəfə də olsun ona xəyanət etməmişəm, haram iş görməmişəm.
Əksinə, kinonun adıyla fəxr etmişəm, qürur duymuşam və onun məsuliyyətini hiss etmişəm. Hər yerdə mənim üçün kino adlı müqəddəs bir dəyər olub. Bu müqəddəs dəyəri Allahın mənə qismət etdiyinə görə şadam, bu dəyərin içində olan əzizlərimə Allah can sağlığı versin, dünyasını dəyişənlərə rəhmət eləsin. Gənclərimiz də bir şey bilsinlər ki, göydə Allah, yerdə kino sənəti, evdə isə ailə müqəddəs dəyərlərdir. Ona görə də buna namusla, qeyrətlə kişi kimi xidmət eləsinlər”.
Vasif Əlihüseyn