Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür

Ənənələrə daim sadiq qalan, yeniliklərə açıq, sarsılmaz iradəyə malik prezident İlham Əliyev Zəfərlə başa çatan 44 günlük vətən müharibəsində böyük sərkərdəlik məharəti ilə bütün dünyanın diqqətini cəlb etdi. Zəfər Yürüşünün Ali Baş Komandanı İlham Əliyev 44 günlük vətən müharibəsində qalib gələrək Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. İşğal altında olan torpaqlarımız işğaldan azad edildi. Cənab prezident İlham Əliyev 2003-cü ildən – Ölkəyə rəhbərlik etməyə başladığı andan etibarən həmişə Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq olmuşdur. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan tarixinə, mədəniyyətinə, adət-ənənələrinə diqqət və qayğı ilə yanaşması təqdirəlayiqdir. Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi onun tarixi və mədəni sahədə də Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirdiyinin əyani sübutdur.

.   .Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və  Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.

Prezident İlham Əliyevdeyib: “Xalqımızın tarixi həm şərəflidir, həm kədərlidir. Ancaq bizim tariximizdə keçmiş köçkünlər qədər əziyyət çəkən insanlar olmayıb. Həm mənəvi əzab, həm fiziki əziyyət, həm torpaqların itirilməsi, öz yaxınlarının məzarlarını ziyarət edə bilməməyiniz – bu dərdin misli-bərabəri yoxdur. Otuz il ərzində bizə deyirdilər ki, gözləyin, tələsməyin, müharibə aparmayın, bu münaqişənin hərbi həlli yoxdur. Ona görə belə deyirdilər ki, ermənilər burada əbədi yaşasın və biz bu torpaqları görməyək. Bizi razı salmaq istəyirdilər, inandırmağa çalışırdılar ki, məsələ müharibə yolu ilə həll olunmaz. Əsas məqsəd o idi ki, heç vaxt Azərbaycana imkan verməsinlər öz ərazi bütövlüyünü bərpa etsin. Ancaq biz nə etdik? Bax, bunun kimi minlərlə aslanın hesabına gəldik buraya və bu gün burada durmuşuq”.

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.

 

Aqil Nəzərov,

Şəhid qardaşı, Vətən müharibəsi iştirakçısı, Komanlı

kənd tam orta məktəbin müəllimi

PAGE TOP