Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərinə növbəti dəfə səfər etdilər. Uzun müddət idi ki, ermənilər onlarla heç bir tarixi və mental əlaqəsi olmayan Şuşa şəhərini erməni şəhəri kimi qələmə verir, Şuşaya səfərlər edərək xalqımızın hissləri ilə oynayırdılar. Qondarma rejimin “parlamenti”nin 2021-ci ildə Şuşaya köçürülməsini planlaşdıran, Şuşada yallı oynayaraq səbrimizi sınağa çəkən ermənilər mütləq şəkildə cəzalarını almalı idi.
Şuşada olarkən Ali Baş Komandan qeyd edib ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Demək olar kı, əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Şuşanın azad edilməsi həm də, müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyil ki, hər ilin noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib. Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu.
Ulu Öndər Heydər Əliyev Şuşa şəhərinə böyük dəyər verərək şəhər haqqında aşağıdakı fikirləri söyləmişdir:
“Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
. Məhz Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Ona qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti Zəfərimizə sevinməyiblər. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər.
Bəli, digər Azərbaycan şəhər və rayonlarında olduğu kimi, Qarabağda da Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyevin atdığı addımlar Azərbaycan xalqının və dövlətinin gələcəyinə hesablanmış siyasət idi. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi onun bütün fəaliyyəti dövründə özünü göstərib. Bu gün isə, onun layiqli davamçısı, Vətən müharibəsinin qəhrəmanı İlham Əliyev Azərbaycan tarixini qızıl hərflərlə yazmaqdadır.
Fizuli Cəfərov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri