Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Sirr deyil ki, Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir.
Uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir, idman uğurla və sürətlə inkişaf edir. Bu artıq faktdır ki, ölkəmiz dünyada idman ölkəsi kimi tanınır və idman respublikamızda dövlət siyasətidir. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
Dekabrın 21-də Xankəndidə baş tutmuş futbol yarışı Vətənimizin idman tarixində yeni parlaq tədbir kimi yaddaşlarda qalacaq. Maraqlıdır ki, bu oyunda “Qarabağ”ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən ordunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası – Mərkəzi Ordu İdman Klubu olub. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun oldu. Bunadək son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib. Bu səbəbdən “Qarabağ” rəqiblərini müxtəlif illərdə Mingəçevir, Sumqayıt və Bakıda qəbul edib.
Maraqlı idman mübarizəsi şəraitində keçən bu görüş də “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu qol oyunun taleyini həll edib. Bununla da N.Axundzadə işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi tarixə düşdü.
Matçdan əvvəl çıxış edən Prezident İlham Əliyev çox düzgün olaraq vurğuladı ki, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır! Oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.
İşğal olunmuş torpaqların böyük hissəsinin üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində azad edildiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bir neçə gün bundan qabaqsa gözəl bir idman bayramını birlikdə qeyd etdik. Çox qürurverici bir görüş oldu.
Elxan Xudaşlı,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı