Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri zəminində qurulan əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. İkitərəfli əlaqələrdən bəhs edərkən ölkələrimiz arasındakı siyasi dialoqun dinamik səciyyə daşıdığını xüsusi vurğulamaq lazımdır. İki ölkə liderləri bir-birlərinə “qardaşım” deyə xitab edirlər. Artıq yaxşı ənənə formalaşıb. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salıb, bunun böyük əks-sədası olub.
Artıq dəfələrlə sübut olunmuş bir həqiqətdir ki, Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsidir. Biz, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasını sonsuz sevinc hissi ilə qarşıladıq, fərəh hissi keçiririk ki, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşmişdir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.
Son dərəcə sevindiricidir ki, dostluğumuz, qardaşlığımız cənab Rəcəb Tayyib Ərdoğanın və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində daha da möhkəmlənir, sarsılmaz və əbədi olur. Artıq Azərbaycan yalnız deyil, Türkiyə kimi qüdrətli bir dövlət, türk xalqı kimi mübariz bir xalq, Türkiyə Ordusu kimi güclü bir ordu yanımızdadır. Keçən əsrin əvvəllərində olduğu kimi, bu günümüzdə də biz qardaş Türkiyənin hərtərəfli dəstəyini hiss edirik.
Şuşa Bəyannaməsinin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi və s.
Qoy bütün dünya bilsin ki, biz dar günün qardaşlarıyıq, ən çətin günlərdə bir yerdə olacağıq!
Azər İbişov,
Cəlilabad rayon Gənclər və İdman
İdarəsinin aparıcı məsləhətçisi