Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Ümummilli Liderimiz deyirdi: “Azərbaycan xalqının potensialı – həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir.”
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir, tam yekdilliklə demək olar ki, Xalq-Heydər birliyinin təntənəsidir. Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı.
Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Xalqımızın yekdilliyi və birliyi həlledici amilə çevridi. Ulu öndər deyirdi: “Azərbaycan xalqının potensialı – həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir.”
Azərbaycan xalqı azadlıq hərəkatına qalxanda xalqımızın müstəqillik əzmini qırmaq üçün 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi və qanlı qırğın törədildi. Azərbaycan xalqının taleyinə biganə qala bilməyən Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanat verdi. Ulu öndər Moskvada yaşayan azərbaycanlılarla, eləcə də vaxtilə şəxsən özünün buraya ali məktəblərdə təhsil almağa göndərdiyi azərbaycanlı tələbələrlə görüşür, onların problemlərinin həllinə kömək edirdi.
1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və yeni əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Həmin dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası üçün də ciddi təhlükələr yaranmışdı. Məhz belə bir ağır zamanda Heydər Əliyev xalqının yanında olmaq üçün Bakıya gəlsə də, ovaxtkı hakimiyyətin təzyiqi nəticəsində doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Azərbaycanın müstəqilliyə gedən yolda ilk addımları məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda atıldı.
Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar.
Güləhməd Musayev,
Cəlilabad RMX PHŞ-nin Əməliyyat bölməsinin şöbə müdiri