Ölkənin cənub bölgələrindən olan Cəlilabad rayonunda sakinlər illərdir ki, kartofçuluq təsərrüfatıyla məşğuldur. Amma hər il istixana şəraitində və açıq şəraitdə becərilən kartofun satış vaxtı kənd sakinlərinə süni problemlər yaradılır.
İlk öncə onu deyim ki, istixana və açıq şəraitdə becərilən kartofun toxumu Rusiyadan gətirilir. Toxumun həmin vaxt bir kiloqramının qiyməti 1.20-1.30 qəpiyə kəndliyə satılır. Bu toxum fevral və yanvar aylarında əkilir. Təsəvvür edin yuxarıda göstərdiyim qiymətə toxum alan kəndli axı becərdiyi kartofunu bu gün 50-60 qəpiyə satanda ona heç nə qalmır, heç toxuma verdiyi pulunu belə çıxara bilmir. Rusiyada Cəlilabad kartofunun 1 kiloqramının qiyməti 120 rubldı
Bəs kimdir qiyməti aşağı salıb, kəndlini dövlətdən narazı salanlar?!
Dünən rayonun Muğan kənd sakinləri kəndən girişində toplaşaraq qiyməti aşağı salan şəxslərlə bağlı öz etirazlarını bildirdilər. Əraziyə kənd icra nümayəndəsi və hüquq-mühafizə orqanlarının əməkdaşları gəldi. Sakinlərlə söhbət etdilər. Məsələdən Cəlilabad rayon İcra Hakimiyyətinin də xəbəri var. Qiyməti aşağı salanlar isə kənddən Rusiyaya “TIR”larla kartof göndərən işbazlar və onların əl altıları olan, el arasında “dəllal” kimi tanınan şəxslərdir.
Kənd sakinlərinin kartofçuluqdan başqa məşğuliyyəti yoxdur. Hər il ancaq kartof əkib ailələrini dolandırırlar. Onda da kəndliyə problem yaradılırsa, əlbəttə, insanlar bu özbaşınalığa görə dövlətdən narazı qalırlar.
Rusiyada Cəlilabad kartofunun 1 kiloqramının qiyməti 120 rubldı.
Kəndlinin min bir əziyyətlə becərdiyi kartofunu qəsdən onun əlindən dəyər-dəyməzinə almaq olmaz.
Mövzu diqqətimizdədir…
Vasif Əlihüseyn