Məcra.az İlham Əhmədovun “Papaq oğrusu” novellasını təqdim edir:
Bu xəbər ildırım surəti ilə kəndə yayıldı: Molla Məmmədağanın papağı axşam yoxa çıxıb. Çox pis xəbər idi. Necə olmasa, kəndin mollası idi, oğul-uşaq, nəvə-nəticə sahibi idi. Molla Məmmədağa kəndin qədim kişilərindən idi və indi demək olar ki, o yaşda kənddə az sayda adam qalmışdı. Cavanlıqda yaxşı saz çalan olmuşdu, sonra ferma müdiri oldu. Bir az oğurluq etdiyinə görə 2-3 il də türmədə yatdı.Sonra da oldu kəndin mollası . O vaxt uşaqlar ona bir şeir də qoşmuşdular:
—- İnəkləri sağa-sağa,
Molla oldu Məmmədağa.
Yaxşı da avazlı səsi var idi. Ağzını açan kimi kəndin arvadları şivən qoparardı. Düzdür, onun dediklərinin mənasını adamlar başa düşməsə də, şirin səsiylə onları ağladırdı. Məclisin qızğın yerində bəzən əti kəsilmiş kimi, qeyzlə qışqırardı:
— Ya Əli, şiələrin oldu dəli!
Adamlar da qıyya çəkib ”Dədəm, nənəm sənə qurban, ya Əli”, — deyə ağlaşardılar. Məclis boyu gözündən bir damcı da olsun yaş çıxmazdı və sonda elə bir qalib formada olurdu ki, sifətində Əli məhəbbətindən əsər-əlamət görünməzdi. Bəzən kəndin cavanları fikirləşirdi ki, Əli ilə Yezidə ədalət məhkəməsi qurulsa, Molla Məmmədağa bir az pul alıb Yezidin tərəfini saxlar.
Dostları da çox idi. Salyandan papaqçı Əli ona Qaragül quzu dərisindən yaxşı bir papaq tikmişdi. Papaq onun uca boyuna çox yaraşır, əzəmətli göstərirdi. İndi o papaq yox idi və onu oğurlamışdılar.
Bu xəbəri eşidənlər səhər-səhər Molla Məmmədağanın qapısına axışdılar. Bu işdən xəbərsiz olanların bəziləri də Molla Məmmədağanı ölmüş zənn edib gəlmişdilər. Çoxdan idi ki, kənddə belə hadisə olmamışdı və kəndin camaatı da bir yerə yığışmırdı.Dolanışığı bəhanə edib hərə bir yana dağılışmışdı. Adamlar da bir-birinə çox yadlaşmışdılar.
Molla Məmmədağanın oğlanları da çox əsəbi idilər. Heç kim danışmağa cürət eləmirdi. Birinci söhbətə Qələndər müəllim başladı. O bu evə tez-tez gələn adam idi.
—Ay Molla Məmmədağa, yenə nə olub səhər-səhər camaatı tökmüsən həyətə, xeyir ola?
Məmmədağa Qələndərlə görüşüb:
—- Qələndər müəllim, düşmən ölməyib , ocaq başındadır. Gərək ehtiyatı əldən verməyəsən. Evdə dedilər ki, papaqdan iy gəlir, güvə dəyib. Dedim, dərman vurub, təmiz havada asın, keçib gedər.Axşam keçirdik paya başına. Gecə gəlib oğurlayıblar,— deyə Molla Məmmədağa dərindən köks ötürdü.
Kənardan Məsmə arvad qonşusunun qulağına:
— Adama vəzifə verərlər, başına layiq olmadığı papağı da qoyarlar. Gərək vəzifənin də, papağın da qədrini biləsən. Yoxsa, sonda yiyəsi gəlib onları səndən alır.
— Papaq məsələsi pis şeydir, namusa sataşmaq qədər təhlükəlidir.
Adamların maraqla baxdığını görüb Qələndər müəllim boğazını arıtladı:
— Keçən il mənim də atımı oğurlamışdılar. Polis atımı tapdı, ancaq oğrunu tapmadı.
Kəndin sayılıb-seçilən ağsaqqalı Kərbəlayı Süleyman Qələndər müəllimə fikrini tamamlamağa imkan vermədi:
—- Mollanın papağını oğurlayan məmləkətə daş-kəsək yağar, əkdiyi toxum ilan, əqrəb bitirər. Tərbiyə, məktəb olmayan yerdə adamın papağını da oğurlayarlar, arvadını da.
Məktəb direktorunun həyətdə olmadığına əmin olub bir az fasilə verib sözünü davam etdirdi
— Bizim o məktəb direktorumuz dana otaran idi, indi gəlib olub direktor. Bundan əvvəl vəzifəyə adam təyin olunanda onun diplomuna, savadına, tərbiyəsinə baxardılar. İndi beş sual qarala, pulunu ver, ol direktor.
— Ay rəhmətliyin oğlu, camaatın papağı itib, sən məktəb direktorunun nehrəsini çalxayırsan, — deyə Bəşir müəllim sərtləşdi.
Papaq itkisi çox ağır idi. Odur ki, Molla Məmmədağa uzun sükutdan səsinin tonunu qaldırdı:
— Oxuduğum Quran haqqı, kim nə edirsə, özünə edir. Allah-təalə məni imtahan etmək üçün, dost – düşməni tanıtmaq üçün bu hadisəni başıma gətirib. Kitab açmışam, oğru tez bir zamanda zavala gələcək .
Qonşu Xasay kişi də oğluna iş tapa bilmirdi. Ona görə də hökümətdən bir az narazı idi. Atdığını-tutduğunı heç vaxt bilməzdi və ona görə də heç kim onun danışığını ciddiyə almazdı. Papağı bəhanə edib bir-iki addım qabağa gəldi:
— Qardaş, camaat yeməyə çörək tapmır, yerli məmurlar seçdikləri deputatlarla əlbir olub xalqın anasını ağladırlar, siz də papaq oğrusu axtarırsınız. Elə bizim hamımızın papağını oğurlayıblar. Nə olar, mollamız da bizim kimi rus papağı qoyar.
Molla Məmmədağanın oğlu Əli bu təhqirə dözməyib, adamları yara-yara gəlib düz Xasay kişinin çənəsinin altında dayandı:
—- Nakişi özünsən! Rədd ol həyətdən ! Bura səninçün mitinq meydançası deyil.
Hadisə haqqında adamlar məlumatsız olduqlarına görə bir söz deyə bilmirdilər.Günortaya yaxın adamlar əkin-biçini bəhanə edib dağılışdılar. Mollaya da belə söhbətlər maraqlı deyildi. Çuğullar yuxarılara xəbər verərdilər ki, bəs filankəsin həyətində papaq əvəzinə, başqa söhbətlər olunub. Papaq cəhənnəm, kişinin özünü bu yaşda tutub atardılar dama.
Molla Məmmədağa günorta namazını qılıb isti sobanın qırağında uzandı. Əllərini gözlərinin üstündə çarpazlayıb dərin fikrə getdi. Kim bu yaşda ona sataşa bilərdi? Birinci xəyalına onlardan 5-6 ev aralı yaşayan Qəmbər gəldi. Oğurluğa görə iki-üç dəfə yatıb çıxmışdı. Deyilnə görə, indi maşın ustası işləyirdi. Ancaq Molla Məmmədağa təcrübədən bilirdi ki, oğru elə həmişə oğrudur. Bir şey rast gələndə şeytanın quluna çevrilirsən. Məsciddə arada imam malından yetim-yesir adıyla çox pul çırpışdırmışdı. Hələ ki, birinci şübhə doğuran Usta Qəmbər idi.
Məsmə arvadın da oğlu ola bilərdi. Cavanlıqda onun anası ilə var-gəli olmuşdu.Kənddə də bunu bilməyən yox idi. Ola bilsin ki, oğlu böyüyüb indi qisas alır. İnanmaq olardı.
Mərcan qarının nəvəsi Vahid qara siyahıda uçüncü idi. Minbərdə, məclisdə ona qəribə-qəribə suallar verirdi. İnternet açılandan sonra onun dediklərinə şəkk edən, şübhə ilə yanaşan cavanların sayı durmadan artırdı. O gün qonşunun qırx məclisində Vahid mollaya papaq atmışdı:
— Molla, danışdığın bütün hədislərdən sonra sən belə de: göydən üç alma düşdü. Çünki sənin danışdıqların hamısı nağıldır və dinlə heç bir əlaqəsi yoxdur.
Mərcan nənənin də adam içində görünməməsi bu şübhələri artırırdı.
Axşamüstü sahə müvəkkili də gəldi. Xeyli zarafat edib bir akt da bağladı. Şübhəli adamların adını alıb dərilərini soyacağına söz verdi. Əminliklə bildirdi ki, yaxın vaxtda papaq və papaq oğrusu hökmən tapılacaq.
Mərcan nənə də gəldi, özü də ən axırda. Molla Məmmədağa elə axşam namazına hazırlaşırdı ki, qapı açıldı. Mərcan nənə əsasını yerə dirəyib qamətini düzəltdi və qənşərində dayanan Molla Məmmədağanın düz gözlərinin içinə baxdı:
— Keçmiş olsun, ay Məmmədağa qardaş! Eşitdim papağı itirmisən.
Bir az fasilə verib yarıciddi, yarızarafat dedi:
—Kişi gərək papağını başında möhkəm saxlasın ki, itməsin. Köhnə kişilərin papağndan idi
sənin papağın. O papağı geyən kişilər haqsızlığa, ədalətsizliyə, namussuzluğa heç vaxt dözməyiblər, onu törədənləri cəzasız da buraxmayıblar.
Heyfsiləndi.
Mərcan qarının sözləri Molla Məmmədağanı yaman təsirləndirdi. Münasibətləri bir az soyuq olsa da, od qonşuları idi.
— Narahat olma, əgər mənim Allahım, oxuduğum Quran papaq oğrusunun belini qirmasa, dindən çıxacağam. Bizim də Allahımız var!
Bir az fasilə verib:— Keç evə, Sürmə bacın da evdədir, — dedi.
— Yox, gedirəm, ay qonşu, sən Allah deməyə də utanıram, nəvən Əliyə de ki, küçüyü bağlasın. Daha bizə paltar, ayaqqabı qalmayıb daşımasın. Dünən də gəlinin ayaqqabısının bir tayını aparıb.
Molla Məmmədağa arif adam idi, tez barmağını dişlədi. Cəld çölə çıxıb Bakı bazarından alman iti adiyla aldığı Alabaşı yanına çağırdı. Alabaş onun çağırışına əhəmiyyət verməyib tövlədən bir az aralı peyin topasının üstündə uzanıb nəyisə şirin-şirin gəmirirdi. Molla Məmmədağa ehmalca küçüyün uzandığı yerə yaxınlaşdı. Onun tüklü qolları arasında Mərcan qarının gəlininin bir tay ayaqqabısı və ondan da bir az aralı öz papağının tükləri və qırıntıları tökülmüşdü.
İlham Əhmədov
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun
Azərbaycan dili və ədəbiyyatı fənləri metodisti
25.11.2024