Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Belə bir vaxtda ölkəni bu bəladan xilas edərək, gələcək inkişafa doğru inamla apara biləcək bir liderə ehtiyac duyulurdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır.
Qısa bir müddət ərzində həyata keçirilmiş islahatlar, dövlət müstəqilliyinin qorunub saxlanılması üçün atılmış addımlar, dünyanın və Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrin qurulması və əməkdaşlığın uğurla davam etdirilməsi ölkəmizin inkişafı istiqamətində mühüm rol oynamışdır.
Ulu Öndər Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi Ali Sovetin sessiyalarında fəal iştirak edən Heydər Əliyev elə birinci sessiyadakı (1991, fevral) çıxışında Vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etdi. Heydər Əliyevin siyasi zəkası sayəsində respublikam;z beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır.
Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Cənab Prezident tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycan qlobal beynəlxalq miqyasda xeyli uğu qazanmışdır.
Bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq qalacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır.
İlqar Həsənov,
Göytəpə şəhər bələdiyyəsinin sədri