Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 34 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. O nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etmişdir, həm də əsasını qoyduğu dövlətçilik xəttini davam etdirməyə qabil böyük bir idarəçilik məktəbi formalaşdırmışdır.
XX yüzilliyin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Bu acınacaqlı vəziyyətə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulmasına başlandı. 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu.
Bu dövrdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verildi, 630 min yeni iş yeri açıldı.Sənaye istehsalı 2,7 dəfə, tələbat mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8 – 2,6 dəfə artdı, heyvandarlıqda artım isə 2,7 dəfə oldu. Neft hasilatı 2,8 dəfə, maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artdı. Sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəldi, 4400 yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olundu ki, bunlardan da 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal edilirdi. Əgər 1969-cu ilədək olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə – cəmi 13 il ərzində onların sayı 1048-ə çatdırıldı. 1971-ci il martın 28-də Azərbaycanın neft hasilatı tarixində 1 milyardıncı ton “qara qızıl” çıxarıldı.
Bu rəqəmlər rəsmi məlumat mənbələrindən götürülüb. Və mübaliğəsiz, tam cəsarətlə söyləyə bilərik ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır.
İslam İsgəndərov,
Cəlilabad şəhər kommunal
müəssisələri kombinatın direktoru