Cəlilabad rayon Veteranlar Təşkilatı 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar bu gün tədbir keçirib. Rayon Veteranlar evində təşkil edilən tədbirə əmək və müharibə veteranları, idarə, müəssisə və ictimai birliklərin nümayəndələri dəvət olunublar.
Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat verib, Bakı, Quba, Şamaxı, Salyan, Xaçmaz, Lənkəran və digər ərazilərdə, İrəvan quberniyasında minlərlə azərbaycanlının vəhşicəsinə, müxtəlif işgəncələrlə qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Əmək və müharibə veteranları Əsəd Əliyev, Adil Bağırov, İsmayıl Quliyev, Qurban Əhmədov, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, Dini Qurumlarla İş üzrə dövlət qurumunun Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, “Dəmir yumruq” ictimai birliyinin sədri Rəfael Şükürov, tarixçi-alim Rza Rzayev, Zərifə Əliyeva adına tam orta məktəbin müəllimi Xəlil Fərəməzoğlu və başqaları çıxış edərək nankor qonşularımız olan ermənilərin əsrlər boyu bizim millətimizə qarşı apardıqları düşmənçilikdən danışıblar və bu gün də onların havadarlarının köməyi ilə öz məkrli siyasətlərini davam etdirdiklərini xüsusi vurğulayıblar. Tədbirin sonunda Respublika Veteranlar Təşkilatına yeni üzv qəbul edilən bir qrup əmək və müharibə veteranına vəsiqələr təqdim olunub.