Cəlilabad rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən narazılıqlar durmadan artmaqdadır.
Xatırlayırsınızsa, bir müddət öncə xəstəxananın 200-dən çox əməkdaşının əməkhaqlarının iki aya yaxındır ki, gecikdiyi bildirilirdi.
Mecra.az xəbər verir ki, Mərkəzi Xəstəxanada göstərilən “xidmətə” görə isə rayon sakinləri tez-tez şikayət edirlər. Hələ adi vətəndaşlar azmış kimi, veteran və qazilər də Mərkəzi Xəstəxanadakı natəmizlikdən, xəstələrə laqeyd münasibətdən narazıdır.
Vətən müharibəsi qazisi Toğrul Rizvanlı isə bu gün özünün sosial şəbəkə hesabında Cəlilabad Mərkəzi Xəstəxananın rəhbərliyinə səslənərək baş verən özbaşınalıqları dilə gətirib.
“Cəlilabad rayon Mərkəzi Xəstəxanasının yiyəsi yoxdur. Natəmizlik, təminat yoxdur, xəstəyə lazım olan adi sistem yoxdur. Vaxtında yaxşı həkimləri də küsdürüb qaçırdılar. Xəstəxananın əsas giriş yolunu bağlayıb ehtiyyat yolu istifadəyə verilib. O yol da bərbad gündədir. Əsas yol kimlərə xidmət edir? Xəstəxananın direktoru heç olmasa 1 dəfə olsada o xaraba yoldan keçib?”, – deyə qazi fəryad edib.
Qeyd edək ki, ötən ilin avqust ayında Oktay Əmənullayev Cəlilabad Mərkəzi Xəstəxanasının direktoru təyin edilib.
Məsələylə bağlı Cəlilabad Mərkəzi Xəstəxanasının da mövqeyini işıqlandırmağa hazırıq.
Uğur































