Martın 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri çox uğurlu oldu. Bir daha gördük ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Bu cəhətdən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun mətbuat konfransında söylədiyi fikirlər də hamımızda dərin maraq və tərəfdaşlıqımızın daha da genişləndirilməsinə dərin inam oyadıb.
Almaniya lideri deyib ki, Prezident İlham Əliyev verdiyi məlumat ürəkaçan məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir. Enerji sahəsində həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik. Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Nəzərə almaq lazımdır ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ona görə ki, Azərbaycan qanuna tabe ölkədir. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq.
Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropa məkanına 20 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılır. Biz, eyni zamanda, Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən qazın Rumıniyaya da çatdırılmasına başlanılmışdır. Cari ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək planlaşdırılır. Hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlar aparılır. Bu isə digər ölkələrlə də fəal əməkdaşlığa imkanlar yaradır.
Ələddin Əliyev,
Cəlilabad şəhəri, Milli Məclis deputatın köməkçisi