Prezident İlham Əliyev cari ilin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə maraqlı məsələlərə toxunub, o cümlədən ölkəmizin enerji potensialından geniş bəhs edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik.
Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, bütün real amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycan yaşıl enerjisi tezliklə təbii qaz qədər əhəmiyyətli olacaq.Azərbaycan həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək.
Azərbaycanda bərpaolunan enerji mənbələrinin böyük potensialı olduğunu bildirən cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq. Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı.. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaq.
Prezident İlham Əliyevin Almaniyaya bu dəfəki səfərində əldə olan nəticələr təkcə enerji mübadiləsi sahəsində deyil, bütün sahələrdə ikili münasibətlərə təkan verəcək.
Qənimət İsrafilova
Cəlilabad rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin müdiri