Cəlilabadda şam ağaclarına qənim kəsilən təbiət “qatilləri” saxlanıldı

Cəlilabad rayonunun Şiləvəngə kəndində yol kənarında əkilən eldar şamı ağacları kütləvi şəkildə məhv edilib.

Məcra.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna kəndin icra nümayəndəsi Simran Əlizadə məlumat verib.

Onun sözlərinə görə, ötən ilin sentyabr ayından etibarən Cəlilabad-Yardımlı magistral yolunun Şiləvəngə kəndi ərazisində keçən hissəsində, yolun sağ və sol istiqamətində 5 km-lik məsafədə Eldar şamı ağacları əkilib:

“Həmin ağaclardan müəyyən qədəri naməlum şəxslər tərəfindən qırılaraq, məhv edilib. Artıq məsələ ilə bağlı polisə müraciət olunub”.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, həmin kəndin ərazisində yol kənarında əkilmiş ağaclardan 89 ədədinin naməlum şəxslər tərəfindən qırılması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət daxil olub. Həmin əməli törədən 2 şəxs müəyyən edilib:

“Faktla bağlı hazırda Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsində əmələ hüquqi qiymət veriləcək”.