Rumıniya Azərbaycanın müstəqilliyini Türkiyə və Estoniyadan sonra rəsmən tanıyan üçüncü ölkədir. Rumıniyanın 1991-ci il dekabrın 11-də Azərbaycanın müstəqilliyini tanımasından sonra ötən illər ərzində iki ölkə arasındakı ikitərəfli münasibətlər addım-addım inkişaf edərək bu günkü səviyyəyə çatıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti, müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin Rumıniyaya rəsmi səfəriylə münasibətlərin inkişafında yeni mərhələ başlayıb.
Ulu ÖndərHeydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir çox dünya ölkələri ilə yanaşı, Rumıniya ilə də əlaqələri uğurla inkişaf etdirir. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırılması üzrə hazırlıq işləri aparılır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Rumıniya Prezidentinin açıqladığı kimi, Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Onun ölkəsi ölkələrimiz strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırdır. Rumıniya həmçinin enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırdır.
Görüş əsnasında Rumıniya prezidenti Klaus Yohannisin “Romqaz” və SOCAR-ın yeni sazişə imza atacaqlarını bəyan etməsi Azərbaycanın energetika, neft-qaz sahəsindəki yüksələn nüfuzundan xəbər verir. Həmin saziş üzrə 2023-2024-cü illərdə ölkəyə əlavə qaz nəql ediləcək. Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpa olunan enerji resurslarından istehsal edilmiş elektrik enerjisinin nəqli üçün çəkiləcək olan dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək.
Yasər Muradov,
Cəlilabad RİH-nin şöbə müdirin müavini