“İşğaldan azad edilən torpaqlarımızı ziyarət etmək çoxdankı arzum idi. Ona görə də ötən il noyabrın 15-də Ağdama getdim. Dostumuz İlqar Rəsulun Ağdamda kitab təqdimatı oldu və məni də dəvət etdilər. Evimizi yerində tapa bilmədim, amma evimiz Üzərrik təpənin yanında tikilmişdi. O təpənin yanında duranda evimizin yerini tapdım. Bir az kövrəldim və indi baxıram ki, bizim evin yerində dövlətimiz bina tikdirir. Rəhmətlik Allahverdi Bağırovla futbol oynadığımız stadionda oldum. Şəhidlər Xiyabanına da getdik. “Şahbulaq”da su içəndə çox sevindim. Ümid edirəm ki, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq, Xocalımız da işğaldan azad ediləcək. Arzu edirəm ki, Allah mənə “Turşsu”dan su içməyi qismət eləsin”
Bunu Məcra.az-a açıqlamasında Qanlı 20 Yanvar şəhidi İlham Allaverdiyevin qardaşı (İlham və Fərizə) Elxan Allahverdiyev deyib. E.Allahverdiyev bu il ölkə başçısı tərəfindən şəhid ailəsi vəsiqəsiylə təltif edildiklərini bildirib və buna görə öz minnətdarlığını bildirib:
“Artıq Qanlı 20 Yanvar hadisəsinin növbəti ildönümüdür. Bu il biz şəhid ailələri üçün sevindirici bir hadisə baş verdi. Möhtərəm Prezident tərəfindən bizlərə “20 Yanvar şəhidi” fəxri adı təqdim olundu. Bu cür diqqət həm insanın ovqatını yüksəldir, həm də dərdinə şərik olmaqdır. İlham və Fərizə isə ailə masştabından çıxıb, onlar tək mənim yox, Azərbaycan xalqının övladlarıdır. Bu gün də baxıram ki, Şəhidlər Xiyabanında insan əlindən yer yoxdur, hamı şəhidlərimizi ziyarət edib, onlar hörmətlə anır. Şəhidlərimiz hamısı birdir, ayrıseçkilik ola bilməz. Sadəcə 20 Yanvar hadisəsi başqa bir hadisədir.
44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə, qazilərimizə qurban olum. Möhtərəm Prezidentin Allah canın sağ eləsin ona görə ki, hər oğulun işi deyildi “müharibə düyməsi”ni basıb bu işə başlamaq. Torpaqlarımız işğaldan azad edildi, çox şükür. Xocalını da işğaldan azad etsəydik, yaxşı olardı. Mənim dərdim Xocalıdır. Xocalını gedib görmək istəyirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.
Vasif Əlihüseyn