Şəhid yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxsdir. İslam dinində şəhidlik iman, haqq-ədalət, Vətən uğrunda mübarizənin yüksək zirvəsidir.
Qəhrəmanlar diyarı olan Cəlilabadımız da Birinci Qarabağ savaşında və 44 günlük Vətən müharibəsində qəhrəman oğullarını şəhid verdi. Qazilərimiz oldu. Bu gün doğma Cəlilabadımızda çox gözəl abu-hava yaranıb. Şəhid ailələrinə, qazilərə rayon rəhbərliyi tərəfindən çox yüksək diqqət və qayğı göstərilir.
Şəhidlərimizin ailələri ziyarət edilir, onlar təkcə doğum və ildönümlərində deyil, hər zaman yad edilirlər. Onları yad etmək isə bizim müqəddəs borcumuzdur. Hörmətli icra başçımız Rafiq Cəlilovun rayonumuza təyinatından sonra Şəhidlər Xiyabanımızın əsaslı təmiri, itkin şəhidlərimizin məzarlarının bərpası bunun bariz nümunəsidir.
Bu günlərdə Cəlilabadın Komanlı kəndinə yolum düşmüşdü. Burda şəhid Qubadlı Fuad Cahangir oğlunun Şəhid bulağını ziyarət etdim. Şəhid bulağından su içdim. Bura hamımızın ziyarət yeridir. Allah bu bulağı tikdirən şəxsin də köməyi olsun.
Onu da deyim ki, Qubadlı Fuad 1993-cü il yanvarın 16-da Komanlı kəndində anadan olub. Vətən müharibəsi zamanı noyabrın 9-da Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin!





























