“Azərbaycanda 80 min qadın fermer var”.
Mecra.az xəbər verir ki, bu fikirləri Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş “Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı tədbirdə deyib.

O, həmçinin ölkədə qadın torpaq istifadəçilərinin sayını da açıqlayıb:
“Azərbaycanda, həmçinin 80 min çivarında torpaq istifadəçisi var. Lakin bir məsələni diqqətə çatdırmaq lazımdır. Bəzi hallarda hüquqdan daha çox haqq məsələsi gündəmə gəlir. Məsələn, yaylağa mal-qara aparan qadınlar üçün əlverişli yerlərin əldə edilməsi, suvarma suyunun cədvəlləşdirilməsi zamanı əksər fermerlərin suvarma vaxtının gündüz saatlarına düşməsi kimi məsələlər mövcuddur”.
G.Qənbərova vurğulayıb ki, biznes qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, qadınların maliyyə resurslarına çıxışının təmin olunması qarşıda duran əsas məqsədlərdir:
“Regionlarda kollektiv qadın biznesləri geniş vüsət alır. Bu model çərçivəsində qadınlar birgə fəaliyyət göstərərək daha çox istehsal edir, satış həyata keçirir. Öz bizneslərini böyütdükcə kənddə yaşayan digər qadınları da işlə təmin edirlər. Bu günə qədər 780 qadın bu çərçivədə özü-özünü məşğulluqla təmin edib” (Oxu.az).





























