Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniyada keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsini qarşıya əsas vəzifə kimi qoyub..
Buradaca qeyd edək ki, güləş milli idman növüdür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin görüşdə xüsusilə vurğuladığı kimi, güləş “hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür”. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər; Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri-gənclərin təhsil, tərbiyəsi, sağlamlığı, intelektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Azərbaycan gəncliyi aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Müasir dövrdə gənclər siyasəti sahəsində qazanılan nailiyyətlər hər bir dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi siyasi potensialını müəyyənləşdirən əsas meyarlardandır.
Ərəbxan Hətəmov,
Veteran idmançı, sərbəst güləş idman növü üzrə əməkdar məşqçi





























