Hər bir xalq üçün sağlamlıq ən əsas vəzifə hesab edilir. Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin əksər regionlarında müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilir. Azərbaycanda idmana olan münasibət digər ölkələrə nümunə kimi göstərilməkdədir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.
Son illərdə Azərbaycanın beynəlxalq idman arenalarında əldə etdiyi uğurlar ölkənin bu sahədə formalaşdırdığı dövlət siyasətinin effektivliyini göstərir. Xüsusilə güləş üzrə milli komandanın Avropa çempionatında komanda hesabında birinci yeri tutması təkcə idman nəticəsi deyil, həm də uzunmüddətli strateji yanaşmanın real nəticəsidir. Prezident cənab İlham Əliyevin 30 aprel 2026-cı il tarixində çempion güləşçilərlə görüşündə səsləndirdiyi fikirlər bu siyasətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyur. Azərbaycanın idman siyasəti yalnız nəticəyə yönəlmiş deyil, eyni zamanda sosial funksiyalar daşıyır. İdman uğurları milli birliyin möhkəmlənməsinə, vətənpərvərlik ruhunun güclənməsinə və ölkənin beynəlxalq imicinin formalaşmasına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, bayrağın beynəlxalq arenada ucaldılması cəmiyyətdə qürur hissi yaradır və gənc nəslin motivasiyasını artırır. Bununla yanaşı, idmançıların cəmiyyət daxilində davranışı da mühüm faktor kimi qiymətləndirilir. Yüksək mənəvi keyfiyyətlərə malik idmançı obrazı dövlətin formalaşdırmaq istədiyi sosial modelin tərkib hissəsidir.
Ölkə başçısı qazanılmış idman nailiyyətlərinin nümayiş etdirilməsi ilə yanaşı, idman tarixinin öyrənilməsi və təbliği, gənc nəslə sağlam həyat tərzi vərdişlərinin aşılanması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində də kompleks tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin digər sahələrdə olduğu kimi idman sahəsinə də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaq. Ümumilikdə, Azərbaycan güləşçilərinin Avropa çempionatında qazandığı tarixi qələbə ölkədə həyata keçirilən məqsədyönlü idman siyasətinin məntiqi nəticəsidir. Bu uğur həm də milli həmrəyliyin, güclü iradənin və peşəkarlığın sintezini özündə əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, idman sahəsində qazanılan nailiyyətlər ölkənin ümumi inkişaf göstəricisi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına da mühüm təsir göstərir. Beləliklə, əldə olunan nəticələr Azərbaycanın idman dövləti kimi mövqeyini daha da möhkəmləndirir və gələcək uğurlar üçün ciddi zəmin yaradır.
Ramil Quluzadə,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı





























