Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmiş, böyük qələbə ilə Vətənə qayıtmışlar. Onlar Azərbaycanın idman şöhrətini bir daha yüksəklərə qaldırmışlar. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Albaniyada keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə 8 aprel tarixində görüşündə səsləndirdiyi bu fikirlər gənclərimizin gələcək fəaliyyəti üçün yol xəritəsidir. Dövlət başçısının fikirləri həm də milli vəzifələr baxımından strateji əhəmiyyətli çağırışdır.
Albaniyada keçirilmiş yarışlarda gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Hazırda beynəlxalq yarışlarda idmanın müxtəlif sahələrində ön mövqelərə çıxmağmız, ölkəmizin dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər və idman siyasətinin ən böyük uğurlarından biridir.
Dövlət başçısı gələcək yarışlarda da Azərbaycanın birinci sıralarda olacağına əminliyini ifadə edib. Çünki idmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün yeni proqram tərtib edilməlidir. Hesab edirik ki, həmişə olduğu kimi, bu görüşdə səsləndirilən müddəalar Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının növbəti göstəricisi kimi, ölkəmizdə bədən tərbiyəsi və idmanın kütləviliyınə nail olmaqda, yeni idman uğurları qazanılmasında stimul olacaqdır.
İlham Məmmədov,
Sərbəst güləş idman növü üzrə əməkdar məşqçi





























