1990-cı il yanvarın 20-si Azərbaycan xalqının azadlıq ruhunun güllə və tanklarla susdurulmaq istəndiyi, lakin məhz həmin gecə sarsılmaz milli ruhun tarix səhnəsinə çıxdığı gündür. O qanlı gecədə Sovet imperiyasının hərbi maşını dinc insanlara tuşlandı, lakin xalqın müstəqillik arzusu güllələrdən də güclü oldu. Şəhidlərin axıdılan qanı yalnız bir faciənin deyil, gələcək Zəfərin, azad və suveren Azərbaycanın bünövrəsinə çevrildi. 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının çoxəsrlik tarixində dərin iz buraxmış, milli yaddaşımıza qanla yazılmış ən faciəli hadisələrdən biri olmaqla yanaşı, xalqımızın azadlıq, müstəqillik və milli ləyaqət uğrunda mübarizəsinin parlaq rəmzinə çevrilmişdir. Bu qanlı hadisə keçmiş Sovet imperiyasının öz mövcudluğunu qorumaq naminə Azərbaycan xalqına qarşı həyata keçirdiyi, insanlıq əleyhinə yönəlmiş, qabaqcadan planlaşdırılmış ağır cinayət kimi tarixə düşmüşdür. 20 Yanvar günü Azərbaycan xalqının tarixinin kədərli və faciəli səhifəsi olduğu qədər, eyni zamanda milli iradənin, qəhrəmanlığın və fədakarlığın təcəssümüdür.
20 Yanvar təkcə faciə deyil, milli dirənişin, ləyaqətin və azadlıq əzminin rəmzidir. Həmin gecə canını Vətən uğrunda fəda edənlər bu torpağın sahibinin kim olduğunu bütün dünyaya göstərdilər. 20 Yanvarla başlanan mübarizə bu gün qalib, suveren və qüdrətli Azərbaycanla öz tarixi məntiqi sonluğuna çatdı. Bu tarixi yaddaşın canlı daşıyıcıları məhz həmin faciənin şahidləridir. 1990-cı ilin qanlı 20 Yanvar gecəsində misilsiz qəhrəmanlıq nümunəsi göstərənlər sırasında metropoliten işçiləri də xüsusi yer tuturdu. Onlar yalnız baş verənləri izləmirdilər, eyni zamanda, gözlənilən itkilərin qarşısını almaq, faciə qurbanlarının sayını azaltmaq üçün qorxmadan və fədakarcasına hərəkət edirdilər.
20 Yanvar təkcə faciə deyil, eyni zamanda, xalqımızın ləyaqət, cəsarət və qəhrəmanlıq salnaməsidir. Həmin gün Vətən uğrunda canından keçən oğul və qızlarımız azadlıq yolunda ilk şəhidlərimiz oldular. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ərazi bütövlüyümüzün, 2023-cü ildə isə suverenliyimizin tam bərpa olunması 20 Yanvar şəhidlərinin də müqəddəs arzularının gerçəkləşməsi deməkdir. Bu gün 20 Yanvar şəhidlərinin ruhu azad, suveren və qüdrətli Azərbaycanın səmasında dolaşır. Onların əmanətinə sahib çıxmaq, bu tarixi yaddaşı qorumaq və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın, xüsusilə də gənclərin mənəvi borcudur. Çünki 20 Yanvarla başlanan azadlıq yolu ilə irəliləyən xalqımız bu gün qalib Azərbaycanın gerçəkliyində öz ən ali məqsədinə qovuşub. Ümumilikdə, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində əbədi yaşayacaq, bu qanlı hadisədə şəhid olmuş həmvətənlərimizin xatirəsi daim ehtiramla anılacaqdır. Qanlı Yanvar xalqımızın iradəsini sındıra bilmədi, əksinə, müstəqil Azərbaycan dövlətinin yaranmasına aparan yolu daha da möhkəmləndirdi və milli azadlıq ideyalarını dönməz etdi. 20 Yanvar hadisələri unudulmur, xalqımız hər il bu günü dərin hüzn və ehtiramla yad edir. Azərbaycan xalqı azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman övladları ilə daim fəxr edir və onların xatirəsini uca tutur. Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksində əbədiyyən alovlanan məşəl şəhidlərimizin ölməz ruhlarına xalqımız dərin minnət borcunun təzahürüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vüsal Abbaslı,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı





























