“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video

XƏBƏR XƏTTİ
Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi – Təfərrüat•Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: “Uşağımı qəssab kimi doğrayıblar” – VİDEO•Bütün ölkə yağış duası oxuyacaq – Xalqa çağırış etdilər•Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu – Bir gündə 2,5 milyard qazandı•Almaniyada nazir hoteldə ölü tapıldı•Lerikdə sakinlər yol problemini özləri həll edirlər – FOTO•Şagirdlərin elektron yerdəyişməsi başlayır•“İdmandan kənar”: “Kəpənək kimi uç, arı kimi sanc” – Foto/Video•Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi – Təfərrüat•Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: “Uşağımı qəssab kimi doğrayıblar” – VİDEO•Bütün ölkə yağış duası oxuyacaq – Xalqa çağırış etdilər•Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu – Bir gündə 2,5 milyard qazandı•Almaniyada nazir hoteldə ölü tapıldı•Lerikdə sakinlər yol problemini özləri həll edirlər – FOTO•

O, rəqiblərini rinqdə məğlub edir, döyüşlərdən əvvəl söylədiyi fikirlərlə milyonların diqqətini çəkir, özünəinamı və cəsarəti ilə seçilirdi. Ancaq Məhəmməd Əlinin həyatı yalnız qələbələrdən ibarət olmayıb. O, inandığı dəyərlər uğrunda dünya çempionluğu titulundan, hətta az qala bütün karyerasından keçib. Ömrünün son illərində isə boks rinqində heç bir rəqibinin bacarmadığını Parkinson xəstəliyi bacarıb.

Oxu.Az-ın “İdmandan kənar” rubrikasında bu dəfə boks tarixinin ən böyük simalarından biri hesab edilən Məhəmməd Əlinin həyat hekayəsindən bəhs edəcəyik.

Velosipedin oğurlanması ilə başlayan yol

Məhəmməd Əli 1942-ci il yanvarın 17-də ABŞ-nin Kentukki ştatının Luisvil şəhərində dünyaya gəlib. Valideynləri ona Kassius Marsellus Kley adını veriblər. Gələcək çempionun boksa gəlişi isə təsadüfi bir hadisə ilə bağlı olub.

12 yaşlı Kleyin velosipedi oğurlanıb. Qəzəblənən uşaq hadisə barədə polisə müraciət edib. Həmin vaxt polis əməkdaşı və boks məşqçisi Co Martin ona əvvəlcə döyüşməyi öyrənməyi məsləhət görüb. Beləcə, Kley boks məşqlərinə başlayıb.

O, qısa müddətdə böyük istedadını nümayiş etdirib. Həvəskar karyerasında çoxsaylı titullar qazanan Kley 1960-cı ildə, cəmi 18 yaşında Romada keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib. O, yarım ağır çəkidə qızıl medal qazanaraq adını beynəlxalq idman ictimaiyyətinə tanıdıb.

İdmandan kənar: Kəpənək kimi uç, arı kimi sanc - Foto/Video

Sonni Listonu məğlub etdi, adını dəyişdi

Olimpiadadan sonra peşəkar boksa keçən Kley rəqiblərini ardıcıl məğlub etməyə başlayıb. Sürəti, çevikliyi, rəqiblərinə döyüşdən əvvəl psixoloji təzyiq göstərmək bacarığı və özünəməxsus danışıq tərzi onu digər boksçulardan fərqləndirirdi.

1964-cü il fevralın 25-də onun karyerasında dönüş nöqtəsi yaşanıb. Həmin vaxt dünya çempionu olan Sonni Listonla qarşılaşan Kley gözlənilməz qələbə qazanaraq ağır çəkidə dünya çempionu olub. Cəmi 22 yaşında bu titula yiyələnən boksçu idman tarixinin ən gənc çempionlarından birinə çevrilib.

Həmin dövrdə Kley “Nation of Islam” hərəkatına qoşulub və əvvəlcə Kassius X, daha sonra isə Məhəmməd Əli adını götürüb. O, doğulduğu adın köləlik dövrünü xatırlatdığını bildirərək bundan imtina etdiyini açıqlayıb.

İdmandan kənar: Kəpənək kimi uç, arı kimi sanc - Foto/Video

İnancları uğrunda dünya çempionluğundan keçdi

Əlinin həyatı yalnız idman uğurları ilə yadda qalmayıb. 1967-ci ildə, Vyetnam müharibəsi zamanı ABŞ ordusuna hərbi xidmətə çağırıldıqda o, bundan imtina edib.

Boksçu dini inanclarını və müharibəyə qarşı mövqeyini əsas gətirərək hərbi xidmətə getməyəcəyini bildirib. Bu qərarına görə məhkəmə tərəfindən təqsirli bilinib, dünya çempionluğu titulundan məhrum edilib və boks lisenziyası əlindən alınıb.

Beləliklə, karyerasının ən parlaq dövründə rinqdən uzaqlaşdırılan Əli təxminən üç il yarım döyüşə bilməyib. Bu müddətdə universitetlərdə, vətəndaş hüquqlarının müdafiəsi və müharibə əleyhinə tədbirlərdə çıxış edib.

1971-ci ildə ABŞ Ali Məhkəməsi onun barəsindəki hökmü ləğv edib. Əli yenidən rinqə qayıtsa da, itirdiyi illəri geri qaytarmaq mümkün olmayıb. Bununla belə, o, öz mövqeyindən geri çəkilməyib.

İdmandan kənar: Kəpənək kimi uç, arı kimi sanc - Foto/Video

Frazerlə rəqabət, Formeni məğlub edən “İpdə rəqs”

Rinqə qayıtdıqdan sonra Əlini yeni sınaqlar gözləyirdi. Onun ən böyük rəqiblərindən biri Co Frazer idi. İki boksçu arasında baş tutan qarşılaşmalar idman tarixinin ən yaddaqalan döyüşləri sırasına daxil olub.

1971-ci ildə keçirilən ilk görüşdə Frazer hakimlərin qərarı ilə qalib gəlib və Əlinin peşəkar karyerasında ilk məğlubiyyətinə səbəb olub. Sonrakı qarşılaşmalarda Əli revanş almağı bacarıb. 1975-ci ildə Filippində keçirilən üçüncü döyüş isə “Manilada triller” adı ilə tarixə düşüb. Gərgin mübarizədən sonra Frazerin komandası 15-ci raund başlamazdan əvvəl döyüşü dayandırıb və Əli qalib elan edilib.

Lakin onun karyerasının ən məşhur döyüşlərindən biri 1974-cü ildə Zairdə baş tutub. Həmin vaxt məğlubedilməz hesab edilən Corc Formenlə qarşılaşan Əli rəqibinin fiziki gücündən öz xeyrinə istifadə edən taktika seçib. O, rəqibinin zərbələrini qəbul edərək müdafiədə qalıb və onu tədricən yorub. “İpdə rəqs” adlandırılan bu taktika nəticəsində Əli səkkizinci raundda Formeni nokauta salıb.

“Cəngəllikdə döyüş” adı ilə tanınan bu qələbə ona dünya çempionluğu titulunu yenidən qazandırıb. Əli 1978-ci ildə də çempionluq titulunu geri qaytararaq ağır çəkidə dünya çempionluğunu üç dəfə qazanan ilk boksçu olub.

 

 

Rinqdən kənarda da milyonların diqqətində idi

Əli yalnız idman nəticələri ilə deyil, cəmiyyətə təsiri ilə də seçilirdi. O, irqi ayrı-seçkiliyə, müharibəyə və sosial bərabərsizliklərə qarşı mövqeyi ilə tanınırdı. Bir vaxtlar qərarlarına görə sərt tənqid olunan boksçu illər keçdikcə dünyanın müxtəlif ölkələrində hörmət qazanan ictimai şəxsə çevrilib.

1981-ci ildə peşəkar karyerasını başa vuran Əli 61 döyüşdə 56 qələbə qazanıb. Qələbələrinin 37-si nokautla başa çatıb. O, rinqdən ayrılsa da, idman və humanitar fəaliyyətlə əlaqəsini kəsməyib.

1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya məşəlini alovlandırması onun həyatının ən yaddaqalan anlarından biri olub. Həmin vaxt Parkinson xəstəliyinin təsirləri artıq açıq şəkildə hiss olunurdu. Əlinin əlləri titrəsə də, məşəli alovlandırması bütün dünyada böyük emosional qarşılanıb.

İdmandan kənar: Kəpənək kimi uç, arı kimi sanc - Foto/Video

Ən ağır döyüşü Parkinson xəstəliyinə qarşı oldu

Əliyə 1984-cü ildə Parkinson xəstəliyi diaqnozu qoyulub. Xəstəlik illər keçdikcə onun hərəkətlərinə və nitqinə ciddi təsir göstərib. Vaxtilə rinqdə ildırım sürəti ilə hərəkət edən, rəqiblərinin zərbələrindən yayınan boksçu gündəlik həyatında belə çətinliklərlə üzləşməyə başlayıb.

Buna baxmayaraq, o, ictimai fəaliyyətini davam etdirib. Xeyriyyəçiliklə məşğul olub, sülh və humanitar təşəbbüsləri dəstəkləyib. 2005-ci ildə ABŞ-nin ən yüksək mülki mükafatlarından biri olan Prezident Azadlıq medalı ilə təltif edilib.

2016-cı il iyunun 3-də, 74 yaşında dünyasını dəyişən Məhəmməd Əli geridə təkcə boks rekordları deyil, həm də öz inancları uğrunda mübarizə aparan insan obrazı qoyub.

O, bir vaxtlar rinqdə “Kəpənək kimi uç, arı kimi sanc” prinsipi ilə rəqiblərini məğlub edirdi. Lakin həyatının son mərhələsində ən böyük mübarizəsini səssiz şəkildə aparıb. Məhəmməd Əli üçün çempionluq yalnız kəmər və qələbə demək deyildi. O, bəzən insanın öz inandığı dəyərlərdən imtina etməməsinin də ən böyük qələbə olduğunu göstərib.

İdmandan kənar: Kəpənək kimi uç, arı kimi sanc - Foto/Video

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt