Dünən Bakı Beynəlxalq Kitab Sərgisi işə başladı. Gecə yuxudan oyandım, bir də yata bilmədim. Sərgi haqqında düşünürəm.Bir marketin yeni filialı açılanda bundan çox adam gəlir. Hələ bir ütü hədiyyəsi vəd olunsa, camaat bir-birinin belinə çıxar. Başçı da orada olar, rəis də.
Kitab sərgisində isə salonu gəzib düşünürəm: ölkənin ən böyük mədəni hadisəsi hesab etdiyim bu görüş niyə bu qədər az adamı maraqlandırır?
Salonda təşkilatçılar ziyarətçilərdən xeyli çoxdur.Yüz kvadratmetrlik stendimizdə əlli mindən çox kitab var.Sağ dizim ağrıyır. Bütün günü ayaq üstə qalmışam. Fransa səfiri xanım stendi gəzir. Nəşr etdiyimiz fransız yazıçılarının kitablarını bir-bir əlinə alıb baxır. “Qrafik tarixi” kitabımızı çox bəyənir və dərhal kassaya yaxınlaşıb alır.
Azərbaycan Pedaqoji Universitetinin rektoru uzaqdan salam verir. Deyəsən, sərgiyə gələn yeganə rektordur. Sonra telefonuna baxır. Yanındakı ona nəsə danışır. O isə telefona baxmağa davam edir. Hardansa Seyran Səxavətin boğuq səsi gəlir. Öz kitabını axtarır. Fazil Qəzənfəroğlu nobelçilərin nitqləri, Rəşad Məcid Mürşid Mehdinin kitabını alır. Hindistan səfiri ilə görüşürük.
— Sizdə Oşo da var!
“Sirlər kitabı”nı əlinə götürür. Sonra stenddəki başqa hind yazıçılarının kitablarına baxır.
Bir qrup gənc yaxınlaşır:
— Olar sizinlə şəkil çəkdirək?
— Əlbəttə.
Birlikdə şəkil çəkdiririk.
Qulağıma bir səs gəlir:
— Siz mənə vaxt ayırmırsınız. Yaşlı kişidir. İçəri dəvət edirəm.
Dərhal bir tapmaca deyir:
“Adında xan olsa da, Xansız oldu otuz il…” Ardınca bir neçə tapmaca, bayatı, sonra vətən həsrətindən bir yanıqlı şeir söyləyir. Azərbaycan ədəbiyyatı üzrə koordinator- redaktorumuz Şərif bəylə tanış edirəm ki, kitabının nəşrinə kömək etsin.Polşada yaşayan bir oxucu kitablar haqqında məlumat istəyir. Danışıram. Ürəyim açılır. Mən bu işi sevirəm: kitabdan danışmağı, oxucunun marağını görməyi, ona kitab seçməkdə kömək etməyi.Kolumbiyanın yeni təyin olunmuş səfiri Markesin “Yüz ilin tənhalığı”nı görəndə çox sevinir. Gələn il yazıçının yüz illiyi münasibətilə burada tədbir keçirməyi təklif edir. Kitabdan on nüsxə alır.
Məktəblilər haradadır? Müəllimlər? Universitetlərin tələbələri? İstəyirsən stendlərin qarşısında kitab seçən ailələr, oxuduqları haqqında mübahisə edən gənclər görəsən.
Mədəniyyət Nazirliyinin nümayəndələrindən soruşuram:
— Təşkilatlara dəvət göndərmisiniz?
— Hamısına.
— Universitetlərə də?
— Hamısına.
— Bəs niyə yalnız “Koroğlu”dan avtobus təşkil olunub? Başqa metrostansiyaların yanından da olmazdımı?
— Əvvəlki il qoymuşduq, boş gəlirdi. Gecə sərgi qrupumuzdakı yazışmalara baxıram. Lökbatanda yaşayan əməkdaş gecə on ikidə evə çatıb. Stendimizdə əlli könüllü çalışır. Bütün günü ayaq üstədirlər. Kitab daşıyırlar, düzürlər, oxuculara kömək edirlər. Hərə bir cür içindəki qəzəbi idarə etməlidir. Özümə kofe süzürəm. Pəncərədən baxıram. Qonşuluqda yeni bina ucaldılıb. Səs-küylə oradan zibil daşıyırlar.Sərgiyə gedim, ya getməyim?Hər gün yeni bir kitab nəşr edirik. Kimin üçün? Nə üçün?Gecənin bu vaxtı adamın ağlına belə suallar gəlir. Sonra Polşada yaşayan oxucunu xatırlayıram. Tapmaca deyən kişini. Şəkil çəkdirdiyimiz gəncləri. Gec evinə çatan işçiləri.Bir azdan yenə sərgiyə gedəcəyəm. İstəyirəm salonlar dolu olsun. Yazıçıların imza masalarının qarşısında uzun növbələr yaransın, kitab müzakirələrində gərgin diskussiyalar getsin. Tələbələr, gənclər, məktəblilər gəlsin, təhsil ocaqlarımız bu sərgidə fəal iştirak etsin. Kitab sərgisini həqiqətən böyük bir bayram kimi qeyd edək”.
Şahbaz Xuduoğlu, “Qanun” nəşriyyatının direktoru