Tam ştata seçilməyənlər üçün çıxış yolu – Müəllimləri nə gözləyir?

XƏBƏR XƏTTİ
Vüqar Əliyevin işində qərar dəyişdi – Pərviz Hacıyev də dindiriləcək•“Ölkənin ən böyük mədəni hadisəsi hesab etdiyim bu görüş niyə bu qədər az adamı maraqlandırır?”•“Uşaqların müdafiəsi yalnız məktəbin üzərinə qoyula bilməz”•Tam ştata seçilməyənlər üçün çıxış yolu – Müəllimləri nə gözləyir?•Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq•Kəşfiyyat onu ölənə qədər izləyib – 27 illik sirr açıldı•Ermənistan azan çobanı Azərbaycana qaytarır – Kimliyi açıqlandı•Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı•Vüqar Əliyevin işində qərar dəyişdi – Pərviz Hacıyev də dindiriləcək•“Ölkənin ən böyük mədəni hadisəsi hesab etdiyim bu görüş niyə bu qədər az adamı maraqlandırır?”•“Uşaqların müdafiəsi yalnız məktəbin üzərinə qoyula bilməz”•Tam ştata seçilməyənlər üçün çıxış yolu – Müəllimləri nə gözləyir?•Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq•Kəşfiyyat onu ölənə qədər izləyib – 27 illik sirr açıldı•Ermənistan azan çobanı Azərbaycana qaytarır – Kimliyi açıqlandı•Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı•

Tam ştatlı müəllim sisteminin 2027-ci ilin sentyabrından etibarən tətbiqinə başlanılması və modelin 20 min müəllimi əhatə etməsi nəzərdə tutulur.

Tam ştata seçilməyən müəllimlər üçün hansı alternativlər təklif edilə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, tam ştata seçilməmək müəllimin peşədən kənarlaşdırılması kimi başa düşülməməlidir:

“İstənilən yenilik tətbiq olunanda müəllimləri ilk növbədə düşündürən məsələ onun öz işinə, gəlirinə və gələcək fəaliyyətinə necə təsir edəcəyidir. Ona görə də tam ştatlı müəllim modelinə keçidlə bağlı yaranan narahatlıqları başadüşülən hesab edirəm.

İlk növbədə bir məqamı aydınlaşdırmaq istərdim. Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamalarına əsasən, tam ştatlı müəllim modelinə keçid mövcud saathesabı sistemi tamamilə əvəz etməyəcək. Sertifikatlaşdırmadan uğurla keçən, lakin tam ştatlı müəllim kimi seçilməyən şəxslər əvvəlki qaydada, müvafiq əməkhaqqı əlavələri ilə pedaqoji fəaliyyətlərini davam etdirə biləcəklər. Yəni tam ştata seçilməmək müəllimin peşədən kənarlaşdırılması kimi başa düşülməməlidir”.

İslahatların uğurunu yalnız neçə müəllimin tam ştata keçməsi ilə deyil, bütövlükdə müəllimlərin iş şəraitinə, peşəkar inkişafına və təhsilin keyfiyyətinə göstərdiyi müsbət təsirlə qiymətləndirməliyik:

“Fikrimcə, burada əsas məqsəd müəllimlər arasında yeni bir bölgü yaratmaq deyil, hər bir müəllimin potensialından düzgün istifadə etməkdir. Tam ştatlı müəllim modelinə keçid mərhələli şəkildə həyata keçiriləcəksə, bu prosesdə seçimdən kənarda qalan müəllimlərin də peşəkar inkişaf imkanları diqqətdə saxlanılmalıdır.

Hesab edirəm ki, belə müəllimlər üçün əlavə ixtisasartırma proqramları, mentorluq dəstəyi, peşəkar inkişaf təlimləri və gələcək seçim mərhələlərində yenidən iştirak imkanları nəzərdə tutulmalıdır. Eyni zamanda, dərs yükünün məktəblər arasında daha səmərəli bölüşdürülməsi və müəllimlərin təcrübəsinə uyğun digər pedaqoji fəaliyyətlərə cəlb edilməsi də alternativ həll yollarından ola bilər.

Burada seçim meyarlarının əvvəlcədən aydın şəkildə elan olunması da olduqca vacibdir. Müəllim bilməlidir ki, hansı tələblərə cavab verməlidir və özünü hansı istiqamətdə inkişaf etdirməlidir.

Unutmamalıyıq ki, illərini təhsilə həsr etmiş, böyük təcrübəyə malik müəllimlərimiz var. Hər birinin bilik və təcrübəsi təhsilimiz üçün dəyərlidir. İslahatların uğurunu yalnız neçə müəllimin tam ştata keçməsi ilə deyil, bütövlükdə müəllimlərin iş şəraitinə, peşəkar inkişafına və təhsilin keyfiyyətinə göstərdiyi müsbət təsirlə qiymətləndirməliyik.

Mən istərdim ki, bu model müəllimlər arasında narahatlıq və rəqabətdən daha çox, inkişaf üçün yeni motivasiya yaratsın. Çünki məqsəd kimisə geridə qoymaq deyil, bütün müəllimlərimiz üçün daha yaxşı imkanlar formalaşdırmaq olmalıdır”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt