Cəbrayılı azad etməkdən ötrü qəhrəman övladlarımız düşmənin bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bildilər. Düşmənin orada çox möhkəm istehkam mövqeləri yüksək peşəkarlıqla darmadağın edildi.
İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Ermənistan münaqişəni dondurmaq istəyirdi. Bu səbəbdən də 44 günlük müharibə qaçılmaz idi.
1992-ci ildən 2020-ci ilə qədər danışıqlar aparıldı. Sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi – onlar keçmiş Minsk qrupunun həmsədrləri idi. O qrup ki, işğala son qoymaq üçün mandatı var idi və bu, ATƏT-in çətiri altında həyata keçirilirdi. Amma bizim üçün digər hüquqi çərçivə də var idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar bizim ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Onlar 1993-cü ildə qəbul edilmişdi. Onlar kağız üzərində qalmışdı.
Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi. Onları heç ictimai şəkildə qınamadılar. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını bizim ərazimizdən çıxarsın.
Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə etdirərək və döyüş meydanında böyük yaşayış məntəqələrini – Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad etmişdir.
Bu Qələbədən sonra bölgənin inkişafı, azad olunmuş torpaqların bərpası və yenidən qurulması, Qarabağın cənnətə çevrilməsi strateji hədəf mahiyyətini daha da gücləndirmişdir. Müharibə bitən gündən bərpa işləri gedir. Cəbrayıl rayonu da düşmənin daşı daş üstündə qoymadığı yurd yerlərimizdən biri olduğu üçün həyata keçirilən işlərlə yeni bir həyata doğru addımlamaqdadır.
Yeganə Rzayeva,
Cəlilabad şəhər 9 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi