Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi. Prezident İlham Əliyevin himayəsi altında keçirilən forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin və biznes dairələrinin nümayəndələri iştirak etdilər. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusu ətrafında aparılan müzakirələrdə qlobal iqtisadi dəyişikliklər, regional bağlantılar, enerji, rəqəmsal iqtisadiyyat və yeni investisiya imkanları əsas müzakirə mövzuları oldu.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının dərinləşməsi, Xəzər üzərindən nəqliyyat və enerji bağlantılarının genişləndirilməsi, rəqəmsal infrastruktur layihələri ölkənin regional iqtisadi əlaqələr sistemində rolunu artırır. Bu proses Azərbaycanın xarici siyasətinin iqtisadi diplomatiya istiqamətində də yeni imkanlar formalaşdırır. Nəqliyyat dəhlizləri, enerji layihələri, rəqəmsal bağlantılar və investisiya əməkdaşlığı siyasi münasibətləri tamamlayan uzunmüddətli iqtisadi tərəfdaşlıq platformalarına çevrilir.
Cənab Prezidentin çıxışında təhsil və peşəkar kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki XXI əsrin iqtisadiyyatında kapital yalnız maliyyə və təbii resurslardan ibarət deyil. İnsan kapitalı iqtisadi rəqabət qabiliyyətinin əsas müəyyənedicilərindən birinə çevrilib. Azərbaycanın neft-qaz sektorunda qazandığı təcrübə bu baxımdan mühüm nümunə kimi təqdim olunur.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səslənən fikirlərin ümumi məzmunu göstərir ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri artıq mövcud investisiya etimadını yeni iqtisadi sahələrə yönəltməkdir.
30 il əvvəl enerji sektorunda yaradılmış uzunmüddətli tərəfdaşlıq modeli bu gün digər sahələr üçün də təcrübə mənbəyi kimi nəzərdən keçirilir. İnvestor üçün hüquqi sabitlik, proqnozlaşdırılan iqtisadi mühit, infrastruktur, enerji təminatı, insan kapitalı və regional bağlantılar birlikdə vahid investisiya ekosistemi yaradır. Azərbaycanın forumu məhz ölkə daxilində keçirməsi də bu baxımdan simvolik və praktiki əhəmiyyət daşıyır.
Azərbaycanın son onilliklərdə formalaşdırdığı sabitlik, enerji və nəqliyyat infrastrukturu, maliyyə imkanları və regional əməkdaşlıq platformaları bu yeni mərhələnin bazasını təşkil edir. Qarşıdakı əsas məsələ isə həmin bazadan istifadə etməklə investisiya axınlarını daha geniş iqtisadi sahələrə yönəltmək, qeyri-neft ixracının payını artırmaq və Azərbaycanın regional iqtisadi bağlantılarda rolunu daha da genişləndirməkdir. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı proqramvari çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan təkcə regional layihələrin icraçısı deyil, qlobal iqtisadi trendləri müəyyən edən, investorlar üçün geniş imkanlar açan və gələcəyə inamla addımlayan lider dövlətdir.
Əli Kərimov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri