2023-cü ilin mayında Abşeronun Novxanı kəndindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Halime atalığından şikayətçidir.
Mecra.az xəbər verir ki, o, video paylaşaraq qətli törədən və hazırda həbsdə olan atalığı Muhammet Gündüzün onu narahat etdiyini, anasından qalan əmlakları əlindən almaq istədiyini deyib.
Gözyaşları içində video yayımlayan gənc qız tibb təhsili aldığını və yeganə gəlir yerinin həmin əmlakların icarəsindən gələn pul olduğunu deyib:
“3 ildir anamın acısını yaşayım, yoxsa məktəbimi oxuyum, bilmirəm. Anamın istədiyi kimi məktəbimi oxuyum qurtarım, Azərbaycanda xeyirxah bir həkim olum, bilmirəm, bunu eləyə bilmirəm. Çünki bunlar imkan vermir (red-atası Muhammet Gündüz və onun ilk evliliyindən olan qızı Büşranı nəzərdə tutur), kirayə verdiyim evə girirlər, vəkil vasitəsilə kirayənişinlərimi narahat edirlər. Mən haradan pul qazanmalıyam? İki yerdən qazancım var: Türkiyədən və Azərbaycandan. Ancaq bunlar imkan vermirlər.
Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi, ondan qalan mirasları öz qızının (red-ögey bacısı Sibel Gündüzü nəzərdə tutur) adından ələ keçirmək istəyir. Halbuki anamı elə balaca bacımın gözləri qarşısında öldürmüşdü, o hər şeyi görmüşdü, aylarla danışa bilmirdi qorxusundan. İndi də anamdan qalan əmlakdan aldığımız pulu bizə çox görür”.
Şikayətçi anası ilə atalığının evlilik dövründə əldə edilmiş əmlaklarının bölündüyünü, bunun ədalətsiz olduğunu da deyib.
Qeyd edək ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, son iş yeri Bakıda “City Hospital” klinikası olub.
Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların hadisədən 14 il əvvəl ailə həyatı qurduğu bildirilib.
Muhammet Gündüz törətdiyi cinayətə görə 17 il həbsə məhkum edilib.
Daha ətraflı videoda:“Qafqazinfo”