Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr – Anım Günü Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir.
Mecra.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü münasibətilə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə əklil və gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyub, onların əziz xatirəsi ehtiramla yad ediblər.Saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Daha sonra Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyini vurğulayıb.Qeyd olunub ki, bu tarixi Qələbə Azərbaycan xalqının milli iradəsinin, ordumuzun qəhrəmanlığının və şəhidlərimizin canı, qanı bahasına əldə edilib.
Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının şərəfli döyüş yolu və əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.Rafiq Cəlilov şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, onların sosial məsələlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Daha sonra Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev və şəhid Orxan Paşazadənin atası Nazim Paşayev çıxış edərək Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi misilsiz qəhrəmanlıqdan, şəhidlərimizin şərəfli döyüş yolundan və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən söz açıblar.
Çıxışlarda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan məmnunluq ifadə olunub, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirilib.
















