Cəlilabad rayon Uzuntəpə kəndi ərazisində su xəttində qəza baş verib.
Mecra.az-ın məlumatına görə, Cəlilabad rayon İcra Hakimiyyətindən bildirilib ki, bu gün saat 17:00 radələrində Cəlilabad şəhəri, Heydər Əliyev prospektində su nəql edən 225 mm-lik boruda qəza baş vermiş və boru deşilib. Hadisə ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunaraq suyun çölə axmasının qarşısını almış və hadisə yerində mühafizə tədbirləri həyata keçiriblər.
Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. İşlər başa çatanadək əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaqdır. Yaranmış narahatlığa görə sakinlərdən anlayış göstərmələri xahiş olunur.
👁 41 baxış
